"Global Firepower" beynəlxalq analitik mərkəzi 2026-cı il üçün dünya ölkələrinin hərbi güc reytinqini ("Global Firepower Ranking 2026") dərc edib. Təqdim olunan yeni hesabatda dövlətlərin mövcud silah gücü, logistika imkanları, maliyyə vəziyyəti və coğrafi mövqeyi kimi 60-dan çox fərdi amil nəzərə alınıb.


 

Sfera.az xəbər verir ki, reytinq sistemində əsas meyar kimi götürülən "PowerIndex" (PwrIndx) balı sıfıra nə qədər yaxındırsa, ölkənin hərbi potensialı bir o qədər mükəmməl hesab olunur.




Siyahının ilk pilləsində 0.0741 xalla Amerika Birləşmiş Ştatları (ABŞ) qərarlaşıb. İkinci yerdə 0.0791 xalla Rusiya, üçüncü yerdə isə 0.0919 xalla Çin yer alıb. İlk beşliyi müvafiq olaraq Hindistan və Cənubi Koreya tamamlayıb.


 


Reytinqin ən diqqətçəkən məqamlarından biri regional güc mərkəzi olan Türkiyənin mövqeyidir. Türkiyə Silahlı Qüvvələri 0.1975 "PowerIndex" balı ilə böyük Avropa dövlətlərini geridə qoyaraq dünyanın ən güclü 9-cu ordusu seçilib. Siyahıda Türkiyədən dərhal sonra, 10-cu pillədə İtaliya gəlir. Avropanın aparıcı dövlətlərindən Fransa 6-cı, Böyük Britaniya 8-ci, Almaniya isə 12-ci sırada qərarlaşıb.




Hesabatda Azərbaycanın da hərbi gücü də xüsusi yer tutub. Azərbaycan qlobal miqyasda 60-cı sırada qərarlaşaraq regiondakı hərbi üstünlüyünü və dominantlığını növbəti dəfə təsdiqləyib. Bununla da rəsmi Bakı həm hərbi büdcə, həm də arsenal baxımından Cənubi Qafqazın ən güclü ordusu statusunu qoruyub saxlayıb.




Yaxın Şərq regionunun iki əsas rəqibi olan İsrail (15-ci yer) və İran (16-cı yer) siyahıda ardıcıl pillələrdə yer alıblar.




Rusiya ilə müharibəni davam etdirən və son illərdə ciddi hərbi yardım alan Ukrayna isə 0.3691 reytinq balı ilə dünyanın ən güclü 20 ordusu sırasına daxil olmağı bacarıb və ilk 20-likdə yer alıb.




Hesabatda qeyd olunub ki, tətbiq edilən unikal daxili düstur texnoloji baxımdan daha inkişaf etmiş kiçik ölkələrin, nəhəng lakin az inkişaf etmiş hərbi güclərlə rəqabət aparmasına imkan tanıyır və siyahı hər il qlobal trendlərə uyğun olaraq təkmilləşdirilir.




Bəsti Rəfizadə

Sfera.az