Uşaqlar çoxumuzun həyatında önəmli rol oynayır. Onlar ailənin sevinc mənbəyi olmaqla yanaşı, cəmiyyətin gələcəyini formalaşdıran ən dəyərli varlıqlardır. Məhz buna görə də onların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsi həm valideynlərin, həm də bütövlükdə cəmiyyətin əsas vəzifələrindən hesab olunur.
Müasir dövrdə uşaqların təhlükəsizliyi valideynləri ən çox narahat edən məsələlərdən biridir. Texnologiyanın sürətli inkişafı, internet və sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi, eləcə də gündəlik həyatda mövcud olan müxtəlif təhlükələr uşaqların həm fiziki, həm də psixoloji təhlükəsizliyinin qorunmasını daha da vacib edir.
Maraqlıdır, uşaqlarla necə düzgün ünsiyyət qurmaq və onları yad insanlardab necə qorumaq olar?
Bu barədə Sfera.az-a açıqlama verən psixoloq Aytəkin Aslan bildirib ki, uşaqlar çoxumuzun həyatında önəmli rol oynayır:
“Onlar ailənin sevinc mənbəyi və ən dəyərli üzvləri olmaqla yanaşı, cəmiyyətin gələcəyini formalaşdıran əsas fərdlərdir. Məhz buna görə də onların sağlam, təhlükəsiz və psixoloji cəhətdən dəstəkləyici bir mühitdə böyüməsi həm valideynlərin, həm də bütövlükdə cəmiyyətin mühüm məsuliyyətlərindən və əsas vəzifələrindən hesab olunur. Müasir dövrdə uşaqların təhlükəsizliyi valideynləri ən çox narahat edən məsələlərdən biridir. Neyropsixoloji baxımdan uşaqlarda impuls nəzarəti, qərarvermə və risk qiymətləndirmə bacarıqları beynin prefrontal korteksinin inkişafı ilə əlaqədardır. Bu sahələr uşaqlıq və yeniyetməlik dövründə tam formalaşmadığı üçün uşaqlar böyüklərlə müqayisədə təhlükələri qiymətləndirməkdə daha çox çətinlik çəkə bilirlər. Məhz buna görə təhlükəsizlik qaydalarının müntəzəm təkrarlanması və praktik şəkildə öyrədilməsi xüsusi əhəmiyyət daşıyır. Texnologiyanın sürətli inkişafı, internet və sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi, eləcə də gündəlik həyatda mövcud olan müxtəlif amillər uşaqların həm fiziki, həm də psixoloji təhlükəsizliyinin qorunması məsələsini daha da aktuallaşdırmışdır. Uşaqları təhlükələrdən qorumağın ən effektiv yolu onları qorxu ilə deyil, məlumatlandırma, güvən və sağlam ünsiyyət vasitəsilə gücləndirməkdir.
Araşdırmalar göstərir ki, uşaqların yaşadıqları çətinlikləri və narahatlıqları valideynləri ilə paylaşa bilməsində ailədaxili ünsiyyət mühüm rol oynayır. Uşaq özünü dinlənilmiş, başa düşülmüş və mühakimə olunmamış hiss etdikdə yaşadığı problemləri bölüşməyə daha meyilli olur.
Bu səbəbdən valideynlərin uşaqlarla gündəlik ünsiyyət qurması, onların hiss və düşüncələrinə dəyər verməsi vacib hesab edilir”.
Psixoloq vurğulayıb ki, uşağa tez-tez “Nə olursa olsun, mənə danışa bilərsən” mesajının verilməsi tövsiyə olunandır:
“Bu yanaşma uşağın emosional təhlükəsizlik hissini gücləndirir və riskli vəziyyətlərdə yardım istəməsini asanlaşdırır.Uşaqların təhlükəsizliyinin qorunmasında məhrəmiyyət xüsusi əhəmiyyət daşıyır. Uşaq öz bədəninin ona aid olduğunu, istəmədiyi toxunuşlara etiraz etmək hüququnun olduğunu və narahat olduğu halları etibar etdiyi böyüklərlə paylaşmalı olduğunu bilməlidir.
Uşaqlara erkən yaşlardan etibarən bu anlayışlar öyrədilməlidir:
Bədən onlara məxsusdur;
İstəmədikləri bir davranışa “yox” demək hüquqları var;
Özlərini narahat hiss etdikləri halları gizlətməməlidirlər;
Heç kim onlardan xoşagəlməz və ya qorxuducu sirləri saxlamağı tələb etməməlidir".
Psixoloq söyləyib ki, bu biliklər uşaqlarda özünüqoruma bacarıqlarının formalaşmasına kömək edir və potensial risklərin qarşısını almaqda qoruyucu amil rolunu oynayır:
"Müasir psixoloji yanaşmalarda uşaqlara yalnız yad insanlardan qorunmağı öyrətmək kifayət hesab edilmir. Çünki uşaqlar üçün risk yaradan şəxslər hər zaman tamamilə yad insanlar olmaya bilər. Bu səbəbdən mütəxəssislər uşaqlara insanların kimliyindən daha çox davranışlarına diqqət etməyi öyrətməyi tövsiyə edirlər.
Uşaq bilməlidir ki:
Onu narahat edən hər hansı davranış təhlükə siqnalı ola bilər;
Kimsə ondan müəyyən məlumatları gizlətməyi tələb edirsə, bu barədə valideynlərinə məlumat verməlidir;
Valideyn icazəsi olmadan heç kimlə heç yerə getməməlidir;
Özünü təhlükədə hiss etdiyi zaman həmin mühitdən uzaqlaşmalı və güvəndiyi bir böyüyə müraciət etməlidir.
Bu yanaşma uşaqlarda daha real və effektiv təhlükəsizlik şüuru formalaşdırır.
Müasir dövrdə uşaqlar yalnız fiziki deyil, eyni zamanda rəqəmsal təhlükələrlə də qarşılaşırlar. Sosial şəbəkələr, onlayn oyunlar və müxtəlif platformalar uşaqlar üçün yeni risklər yarada bilir.
Sərt qadağalar əvəzinə uşaqlarla internet istifadəsi barədə açıq dialoq qurmaq daha effektiv nəticələr verir. Uşaqlara şəxsi məlumatlarını paylaşmamağı, tanımadıqları insanlarla ehtiyatlı ünsiyyət qurmağı və onları narahat edən hallarda valideynlərinə məlumat verməyi öyrətmək vacibdir.
Valideynlərin rəqəmsal mühitdə nəzarətçi deyil, istiqamətləndirici və maarifləndirici rol oynaması uşaqların təhlükəsizlik bacarıqlarının inkişafına müsbət təsir göstərir”.
Aytəkin Aslan uşaqların təhlükəsizliyi yalnız onların təhlükələrdən uzaq saxlanılması ilə təmin olunmadığını qeyd edib:
“Əsas məqsəd uşaqlarda təhlükəni tanımaq, sərhədlərini qorumaq, “yox” demək və yardım istəmək bacarıqlarını formalaşdırmaqdır. Sağlam ünsiyyət, emosional dəstək uşaqların həm fiziki, həm də psixoloji rifahının qorunmasında mühüm rol oynayır.Özünü dəyərli hiss edən, dinlənilən və məlumatlandırılan uşaq təhlükəli vəziyyətlərlə qarşılaşdıqda daha doğru qərarlar verə bilir. Uşaqların təhlükəsizliyi qorxu ilə deyil, güvən, sevgi və maariflənmə ilə qurulur. Unutmayaq ki, uşaqları təhlükələrdən qorumağın ən təsirli yolu onları daim nəzarətdə saxlamaq deyil, təhlükəni tanımağı, “yox” deməyi və lazım gəldikdə kömək istəməyi öyrətməkdir”.
Fidan Hacızadə
Sfera.az