Türk televiziya tarixinin unudulmaz layihələrindən olan “Akasya Durağı” ilə bağlı illər əvvəl baş verdiyi iddia edilən qalmaqal yenidən gündəmə gəlib.


 


Sfera.az xəbər verir ki, 18 il əvvəl çəkiliş meydançasında baş verdiyi iddia edilən bir hadisə bu gün məhkəmə müstəvisinə daşınıb. İddiaların mərkəzində serialda “Ali Kemal” obrazını canlandıran Fatih Uçan və “Taksici Melahat” rolu ilə tanınan Melek Baykal dayanır.


 


Məlumata görə, Fatih Uçan verdiyi müsahibədə Melek Baykalın çəkiliş zamanı aktrisa Zeynep Dörtkardeşler-ə şillə vurduğunu iddia edib. Bu açıqlama qarşı tərəfin sərt reaksiyasına səbəb olub. Melek Baykalın vəkili Bilal Küçükşengün məsələ ilə bağlı hüquqi addım atdıqlarını bildirib və iddiaların tamamilə əsassız olduğunu vurğulayıb. Həm Baykal, həm də Dörtkardeşlər bu hadisənin baş vermədiyini qətiyyətlə inkar ediblər.


 


Digər tərəfdən, Fatih Uçan öz sözlərindən geri çəkilməyib. O, səsləndirdiyi fikirlərin arxasında dayandığını deyərək hadisənin real olduğunu iddia edib. Uçan həmçinin qarşı tərəfin açıqlamalarının onun imicinə zərər vurduğunu və sosial media hesablarına qədər təsir etdiyini qeyd edərək özü də şikayətçi olduğunu açıqlayıb.


 


Hazırda tərəflər arasında qarşılıqlı şikayətlər əsasında başlanmış araşdırma İstanbul Baş Prokurorluğu tərəfindən davam etdirilir. Yekun qərarın istintaq prosesi başa çatdıqdan sonra veriləcəyi gözlənilir.


 


Mənsumə




Sfera.az