Tanınmış insayder Majin X-də qatlana bilən iPhone-un realistik maketini əks etdirən video paylaşıb.
Sfera.az xəbər verir ki, görüntülərə əsasən, cihazın dizaynı daha əvvəl ortaya çıxmış sızmalara uyğun gəlir.
Smartfon həm qatlanmış, həm də açılmış vəziyyətdə geniş form-faktora malik olacaq ki, bu da onu bazardakı bir sıra digər qatlana bilən modellərdən fərqləndirir.
Xarici görünüş baxımından yenilik qismən iPhone Air modelini xatırladır. Xüsusilə əsas kamera blokunun dizaynında oxşarlıqlar diqqət çəkir. Lakin qatlana bilən versiyada kamera modulu korpusun bütün enini əhatə etmir və iki obyektivdən ibarətdir.
Maket cihazın yan hissəsində iki fiziki düymənin yerləşdiyini də göstərir. Müşahidəçilərin fikrincə, onlardan biri həm güc düyməsi, həm də barmaq izi skaneri funksiyasını yerinə yetirə bilər. Bu ehtimal daha əvvəl yayılan məlumatlarla da üst-üstə düşür. Həmin məlumatlara görə, Apple qatlana bilən modeldə konstruktiv məhdudiyyətlər səbəbindən Face ID texnologiyasından imtina edib.
Şirkət hələlik bu cihazın hazırlanmasını rəsmi şəkildə təsdiqləməyib və onun texniki xüsusiyyətləri barədə heç bir məlumat açıqlamayıb. Hətta gələcək modelin adı da məlum deyil. Bununla belə, əksər mənbələr onu "iPhone Fold" və ya "iPhone Ultra" adlandırır.
Məlumatlara görə, iPhone Ultra modelinin təqdimatı sentyabr ayında iPhone 18 Pro və iPhone 18 Pro Max ilə birlikdə baş tuta bilər. Baza versiyası olan iPhone 18 isə 2027-ci ilin əvvəlində təqdim oluna bilər./baku.ws