ABŞ-də aparılan genişmiqyaslı araşdırma yuxusuzluğun xüsusilə 50 yaşdan aşağı şəxslərdə bəzi xərçəng növlərinin yaranma riskini artıra biləcəyini göstərib.
Sfera.az xəbər verir ki, Amerikan Klinik Onkologiya Cəmiyyəti-nin 2026-cı il Çikaqo toplantısında təqdim olunan tədqiqatda 18 milyondan çox insanın məlumatları təhlil edilib. Araşdırma çərçivəsində 18-50 yaş aralığında 413 mindən artıq yuxusuzluq diaqnozu qoyulan şəxs ilə 18,4 milyon sağlam insanın göstəriciləri müqayisə olunub.
Nəticələrə görə, yuxusuzluqdan əziyyət çəkən şəxslərdə bəzi xərçəng növlərinə tutulma ehtimalı daha yüksəkdir. Belə ki, diaqnozdan sonrakı 5 il ərzində döş xərçəngi riski 3 dəfəyə qədər artıb. Bağırsaq və uşaqlıq xərçəngi riski təxminən 2 dəfə, yumurtalıq xərçəngi riski isə 57 faiz daha yüksək qiymətləndirilib.
Eyni zamanda prostat və bəzi mədə-bağırsaq xərçənglərində artım müşahidə olunsa da bu göstəricilərin statistik baxımdan kifayət qədər güclü olmadığı bildirilib.
Gənclərdə xərçəng halları artır
Son illərdə 50 yaşdan aşağı şəxslər arasında döş, bağırsaq, qaraciyər, böyrək, pankreas və yumurtalıq xərçəngi hallarında artım qeydə alınıb. Mütəxəssislər bu artımın səbəblərinin hələ tam aydın olmadığını bildirib.
Mümkün risk faktorları arasında genetik meyllilik, qeyri-sağlam həyat tərzi, piylənmə, fiziki passivlik, alkoqol və siqaret istifadəsi, həmçinin qidalanma vərdişləri göstərilir.
Bowel Cancer UK-nin klinik rəhbəri Claire Coughlan bildirib ki, gənclər arasında bağırsaq xərçəngi hallarının artması ilə bağlı qlobal sübutlar çoxalır və yuxusuzluğun mümkün risk faktoru kimi araşdırılması vacibdir.
Breast Cancer Now təşkilatının baş elmi işçisi Simon Vincent isə qeyd edib ki, bu nəticələr yalnız başlanğıc mərhələsidir. Onun sözlərinə görə, yuxusuzluqla xərçəng arasında əlaqənin olması birbaşa səbəb-nəticə əlaqəsi demək deyil.
Mütəxəssislər vurğulayır ki, yuxu çatışmazlığı immun sisteminə, hormon balansına və ümumi sağlamlığa mənfi təsir göstərir. Bundan əlavə, yuxusuzluq yaşayan insanlarda hərəkətsizlik, artıq çəki, alkoqol və siqaret istifadəsi kimi risk faktorları daha çox müşahidə olunur.
Araşdırma müəllifləri xərçəng riskini azaltmaq üçün müntəzəm fiziki aktivlik, sağlam çəkiyə nəzarət, alkoqolun məhdudlaşdırılması, siqaretdən uzaq durmaq və mütəmadi tibbi müayinələrdən keçməyin vacibliyini vurğulayırlar.
Mənsumə
Sfera.az