Əvvəllər insanlar pula böyük hörmətlə yanaşır və maddi rifahın yalnız çox işləməkdən deyil, həm də qazancın necə idarə edilməsindən asılı olduğuna inanırdılar. Buna görə də maaş alınan gün xüsusi hesab edilirdi. Babalarımız və nənələrimiz həmin gün mübahisədən uzaq durmağa, borc verməməyə və müəyyən qaydalara əməl etməyə çalışırdılar ki, evdən bərəkət əskik olmasın.
Sfera.az xəbər verir ki, bu inancların bir hissəsi bu gün xurafat kimi qəbul edilsə də, bir çox insan düşünür ki, pula diqqətli və məsuliyyətli münasibət həqiqətən də xərcləri daha yaxşı idarə etməyə və maliyyə problemlərindən yayınmağa kömək edir.
Maaş günü ilə bağlı xalq arasında bir sıra inanclar formalaşıb.
Maaş günü bütün pulu xərcləmək olmaz
Ən geniş yayılmış inanclardan biri maaş alındığı gün bütün məbləğin xərclənməməsi ilə bağlıdır. İnanılırdı ki, pulun heç olmasa bir hissəsi gecəni evdə keçirməlidir. Xalq arasında buna evə bərəkət gətirən və maddi sabitliyi qoruyan davranış kimi baxılırdı. Müasir dövrdə isə bu vərdiş emosional alış-verişlərin qarşısını almaq və büdcəni daha düşünülmüş idarə etmək baxımından məntiqli hesab olunur.
Maaş günü borc vermək və ya borc almaq məsləhət görülmür
Keçmişdə insanlar maaş aldıqları gün yaxınlarına belə borc verməməyə çalışırdılar. İnanca görə, pulla birlikdə insan öz qismətini, uğurunu və maddi rahatlığını da itirə bilərdi. Eyni zamanda həmin gün borc almağın gələcək qazanca mənfi təsir göstərə biləcəyinə inanılırdı.
Pulu gecə saymaq yaxşı əlamət hesab edilmir
Xalq inanclarına görə, gün batdıqdan sonra böyük məbləğdə pulu saymaq arzuolunmaz sayılırdı. İnsanlar düşünürdülər ki, bu, gözlənilməz xərclərə, maddi itkilərə və gələcəkdə pul çatışmazlığına səbəb ola bilər. Buna görə də maliyyə məsələlərini səhər və gündüz saatlarında həll etməyə üstünlük verilirdi.
Puldan şikayət etmək olmaz
“Puldan gileylənmək yoxsulluğu çağırır” deyimi xalq arasında geniş yayılıb. Maaş günü insanlara qazandıqları üçün şükür etmək, rifah barədə düşünmək və maddi vəziyyətlə bağlı neqativ söhbətlərdən uzaq qalmaq tövsiyə edilirdi. İnanılırdı ki, müsbət düşüncə yeni imkanların və qazancın artmasına şərait yaradır.
Boş pulqabı saxlamaq məsləhət görülmür
Digər məşhur inanca görə, pulqabı tamamilə boş olmamalıdır. Hətta iri alış-verişdən sonra belə içərisində az da olsa bir əsginas və ya qəpik saxlanılması tövsiyə edilirdi. İnsanlar hesab edirdilər ki, boş pulqabı maliyyə uğurunu uzaqlaşdırır və daimi maddi sıxıntının rəmzinə çevrilə bilər.
Pulqabısında səliqə yaratmaq vacib sayılır
Xalq arasında “pul səliqəni sevir” düşüncəsi geniş yayılıb. Buna görə də əsginaslar qatlanmadan və səliqəli şəkildə saxlanılır, pulqabısına lazımsız kağızlar və qeydlər yığılmırdı. Bu gün psixoloqlar da qeyd edirlər ki, maliyyə məsələlərində nizam-intizam insanın xərclərinə daha yaxşı nəzarət etməsinə və büdcəsinə daha məsuliyyətli yanaşmasına kömək edir.(lent.az)