Dövlət Statistika Komitəsində (DSK) struktur islahatları aparılıb, üç şöbə müdiri vəzifəsini itirib.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bununla bağlı qurumun sədri Azər Mursaqulov müvafiq əmrlər imzalayıb.
Dəyişiklik nəticəsində DSK-nin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsi ləğv edilib. Adıçəkilən şöbənin müdiri Sevda Süleymanova işini itirib. pizza mizza
Digər dəyişikliklə komitənin Hüquq və insan resurslarının idarə edilməsi şöbəsi ləğv olunub. Şöbənin müdiri Vüsalə Alıyeva vəzifəsiz qalıb və işdən çıxarılıb.
Bundan başqa, İnformasiya və ictmaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək, yerində İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb. Mehman Mehdiyev yeni yaradılan şöbənin müdiri təyin olunub. Ləğv olunan şöbənin müdiri Rafael Süleymanov da işsiz qalıb.
DSK-da yeni İnsan resursları və sənədlərlə iş şöbəsi yaradılıb. Komitə sədrinin əmri ilə Əliyev Bayram Feyzulla oğlu həmin şöbənin müdiri vəzifəsinə gətirilib.
Ümumilikdə, struktur dəyişiklikləri nəticəsində DSK-nin şöbələrin sayı 21-dən 20-yə endirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamla Azər Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. O, bu vəzifədə Tahir Budaqovu əvəzləyib.
Nazim Hacıyev
Telegram kanalımız