Ermənistan parlamentinin sədri Alen Simonyanın Azərbaycana səfər etməyə hazır olduğunu bəyan etməsi və dəvət olacağı təqdirdə Bakıya gələcəyini bildirməsi iki ölkə arasında münasibətlərin normallaşması prosesində diqqət çəkən mesaj kimi qiymətləndirilir.


 


Simonyan həmçinin Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) tədbirinə qatılmaq imkanı əldə etsə də, müxtəlif səbəblərdən iştirak edə bilmədiyini qeyd edib.


 


Maraqlıdır, Simonyanın bu istəyi nədən xəbər verir? Parlament diplomatiyasının uğurlu qurulmasının ikitərəfli münasibətlərə təsiri necədir?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Alen Simonyanın səsləndirdiyi fikirlər Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan müsbət dinamikanın nəticəsidir:


 



 


“Şübhəsiz ki, həm Nikol Paşinyanın, həm də Alen Simonyanın bu cür açıqlamaları iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan nəticələrə söykənir. Son dövrlərdə ən yüksək səviyyədə aparılan təmaslar və aparılan danışıqlar müəyyən nəticələr verib və bu da müxtəlif istiqamətlər üzrə əlaqələrin genişlənməsinə şərait yaradıb”.


 


Deputatın sözlərinə görə, münasibətlərdə normallaşma ilə yanaşı, ciddi irəliləyişlər də müşahidə olunur:


 


“Vaşinqtonda əldə olunmuş razılaşmalar və avqust ayında imzalanan sənədlər bu prosesdə mühüm rol oynayıb. Bundan sonra vətəndaş cəmiyyəti institutları, dövlət qurumları və müxtəlif beynəlxalq platformalar çərçivəsində təmasların daha da intensivləşdiyini görürük. Xüsusilə beynəlxalq tədbirlər zamanı Azərbaycan və Ermənistan nümayəndələri arasında kontaktların sayı artıb. Ermənistan hakimiyyəti parlament diplomatiyasının inkişafında da maraqlıdır. Bu gün Paşinyan administrasiyası ilə yanaşı, parlament səviyyəsində də təmasların genişləndirilməsində maraqlı qüvvələrin olduğuna şahidik. Alen Simonyanın WUF13 tədbirində iştirak edə bilməməsindən təəssüfləndiyini bildirməsi də göstərir ki, onun belə bir niyyəti olub. Lakin Ermənistanın daxili siyasi gündəmi və parlament seçkiləri ərəfəsində yaranan həssas vəziyyət bu səfərin reallaşmasına mane ola bilərdi”.


 


Deputatın fikrincə, Ermənistandakı seçkilərdən sonra parlament diplomatiyası istiqamətində daha ciddi təmaslar görə biləcəyik:


 


“Seçkiqabağı dövrdə Bakıya səfər Ermənistan daxilində müəyyən siyasi qüvvələr tərəfindən fərqli şəkildə təqdim oluna və hakim partiyanın mövqeyinə təsir göstərə bilərdi. Vətəndaş Müqaviləsi Partiyası seçkilərə mümkün qədər sabit və risklərdən uzaq şəkildə getməyə çalışır. Bu baxımdan Alen Simonyanın həmin tədbirdə iştirakı əlavə siyasi müzakirələr və ya təzyiqlər yarada bilərdi. Məhz buna görə o, iştirak edə bilmədiyini təəssüflə qeyd edir. Parlament seçkilərindən sonra Azərbaycan və Ermənistan arasında parlament diplomatiyası istiqamətində daha fəal addımların atılması mümkündür. Seçkilərdən sonra bu istiqamətdə daha ciddi təmasların şahidi ola bilərik. Yeni siyasi reallıqlar fonunda, xüsusilə seçkilərdə Vətəndaş müqaviləsinin qalib gəldikdən, Ermənistanın yeni Konstitusiya qəbul edildikdən və Sülh müqaviləsi bağlandıqdan sonra dövlət qurumları və parlamentlərarası əlaqələrin genişlənməsi və qarşılıqlı səfərlərin təşkili istisna deyil. Bu isə nəticə etibarilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına, etimad mühitinin möhkəmlənməsinə xidmət edən amillərdən biri olacaq”.


 


Firuzə Əliyeva


Sfera.az