Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı müzakirələr fonunda gecə növbəsində çalışan işçilərin maaş məsələsi də yenidən gündəmə gəlib. Mövcud qanunvericiliyə əsasən, gecə saatlarında işləyən şəxslər əlavə ödəniş almaq hüququna malikdirlər.
Bəs gecə növbəsində çalışan işçilərə əməkhaqqı hansı qaydada hesablanır?
Sfera.az bildirir ki, mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov konkret.az-a bildirib ki, Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən işə görə işçiyə əməkhaqqı artırılmış məbləğdə ödənilməlidir.
Onun sözlərinə görə, qanunvericilikdə bu məsələ konkret şəkildə tənzimlənib:
“Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçinin vəzifə maaşının ən azı 20 faizi həcmində əlavə ödəniş nəzərdə tutulur. Çoxnövbəli iş rejimində isə axşam növbəsində işlənilən hər saata görə vəzifə maaşının 20 faizi, gecə növbəsində işlənilən hər saata görə isə 40 faizi həcmində əlavə haqq ödənilməlidir. Bu, işçilərin gecə saatlarında əmək fəaliyyətinə görə sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır”.
Hüquqşünas qeyd edib ki, işəgötürənlər bu tələblərə əməl etməli, gecə və növbəli iş rejimində çalışan əməkdaşların əlavə ödəniş hüquqlarını təmin etməlidirlər.
Onun sözlərinə görə, bu qaydalar həm dövlət, həm də özəl sektorda çalışan işçilərə şamil olunur.
Qeyd edək ki, gecə vaxtı görülən işə görə əlavə ödənişlərin verilməsi əmək qanunvericiliyinin əsas tələblərindən biri hesab edilir və bu normaların pozulması işəgötürən üçün hüquqi məsuliyyət yarada bilər.