Yay yaxınlaşdıqca bir çox insan tez arıqlamaq istəyir və diqqətini yalnız tərəzidəki rəqəmə yönəldir. Sosial şəbəkələrdə yayılan qısa müddətdə dəyişim vəd edən pəhrizlər bu istəyi daha da artırır. Lakin mütəxəssislər bildirir ki, sürətli çəki itkisi hər zaman yağ itkisi demək deyil.


 


Sfera.az xəbər verir ki, pəhrizin ilk günlərində müşahidə olunan azalma əsasən su itkisi ilə bağlı olur. Karbohidrat və duzun azalması bədəndə ödemin getməsinə səbəb olur və bu da tərəzidə sürətli nəticə kimi görünür. Bu səbəbdən yalnız tərəziyə əsaslanmaq düzgün sayılmır.


 


Sərt və şok pəhrizlər qısa müddətdə effekt versə də əsasən su və əzələ itkisinə gətirib çıxarır. Kalorinin kəskin azaldılması maddələr mübadiləsini zəiflədir, enerji azlığı və güclü aclıq hissi yaradır. Bu cür pəhrizlər uzun müddət davam etdirilə bilmir.


 


Nəticədə insanlar normal qidalanmaya qayıtdıqda itirdikləri çəkini yenidən geri alır. Bu isə davamlı kökəlib-arıqlama dövrünə səbəb olur.


 


Mütəxəssislər qeyd edirlər ki, qısa müddətdə böyük dəyişikliklərə deyil davamlı və sağlam vərdişlərə fokuslanmaq daha doğru yanaşmadır. Kalıcı nəticələr yalnız uzunmüddətli və balanslı həyat tərzi ilə mümkündür.


 


 


Mənsumə




Sfera.az