Qış turizmi ilə məşhur olan Levi bu dəfə ziyarətçilərini qar əvəzinə qızıl axtarışına dəvət edir. Turizm mərkəzi yay boyunca keçiriləcək xəzinə ovunun qalibinə təxminən 45 min manat (23 min avro) dəyərində qızıl külçə verəcəyini açıqlayıb.




Sfera.az xəbər verir ki, Santa Klaus evini xatırladan mənzərələri və Narnia kimi sehrli dünyası ilə tanınan Finlandiyanın Laplandiyası turistləri yay boyu davam edəcək gizli qızıl ovu ilə cəlb edir. Bu kampaniya çərçivəsində bölgəyə səfər edənlər 23.300 dollar dəyərində qızıl külçə tapmaq şansı qazanacaqlar.




“Gecəyarısı Günəş Ovu” adlanan yarışma iyunun 18-də Finlandiyanın ən məşhur xizək kurortlarından biri olan Levidə start götürəcək. İştirakçılar Levi Ziyarətçi Mərkəzində qeydiyyatdan keçərək ilk ipuclarını əldə edə biləcəklər.




Xəzinə ovçuları mükafatı tapmaq üçün yerli görməli yerlər, yürüyüş yolları və turistik əraziləri əhatə edən ipucu cığırını izləyəcəklər. Təşkilatçılar bildirirlər ki, qızıl külçə yarışmanın istənilən mərhələsində tapıla bilər və yay boyunca əlavə ipucları açıqlanacaq. Son ipucu isə avqustun 22-də təqdim olunacaq.




Ov yay aylarında gün işığının bütün gün davam etdiyi Laplandiyanın məşhur gecəyarısı günəşini nümayiş etdirmək məqsədilə təşkil olunub.




“Levi hər şeydən əvvəl qışı ilə tanınır, lakin şimal yay mövsümü hələ çoxları tərəfindən kəşf edilməyib”, – Visit Levi şirkətinin baş direktoru Satu Pesonen bildirib.




    

Mənsumə




Sfera.az