Ərik istehsalının geniş yayıldığı rayonlardan biri olan Goranboyda bu il hava şəraitinin dəyişkən keçməsi erkən sortların məhsuldarlığına mənfi təsir göstərib. Çiçəkləmə mərhələsində müşahidə olunan yağışlı və sərin hava ağaclarda meyvə əmələ gəlməsini zəiflədib.


 


Sfera.az xəbər verir ki, bağ sahibi Rasim Nəbiyev 8 hektarlıq sahədə 5 müxtəlif ərik növü becərdiyini bildirib.


 


Onun sözlərinə görə, ötən illə müqayisədə bu mövsüm erkən yetişən sortlardan daha az məhsul əldə olunub. Məhsulun azalması bazarda qiymətlərin yüksəlməsinə də təsir edib.


 


Fermer qeyd edir ki, hazırda ərik bazarlarda əsasən 5-6 manata satılır. Halbuki ötən mövsüm eyni məhsulun qiyməti təxminən 1,5-2 manat arasında dəyişirdi.


 


Aran bölgəsində isə vəziyyət nisbətən fərqlidir. Saatlı rayonunun Naharlı kəndində üç il əvvəl salınmış ərik bağında ilk genişmiqyaslı yığım işlərinə başlanılıb. Bağ sahibinin sözlərinə görə, mövsüm ərzində hava tam sabit olmasa da, bölgənin iqlim xüsusiyyətləri meyvələrin normal yetişməsinə imkan verib.


 


Hazırda satışa çıxarılan əriklərin qiyməti onların keyfiyyətindən asılı olaraq 2 manatdan 5 manata qədər dəyişir. \milli.az