Dünyanın ən bahalı kriptovalyutası olan "Bitcoin"in qiyməti son 4 ayın ən aşağı səviyyəsinə düşüb. Məlumata əsasən, bugünkü ucuzlaşmadan sonra qiymət 64 min dollar həddində sabitləşib.
Müqayisə üçün bildirək ki, "Bitcoin"in dəyəri bir il əvvəl 106 min dollar idi. Son bir ildə kriptovalyuta 40 faizə yaxın dəyər itirib.
Maraqlıdır, belə kəskin ucuzlaşma nə ilə bağlıdır və bu dinamika kriptovalyuta bazarının riskli investisya sahəsi olduğunu göstərirmi?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, “Bitcoin” və digər kriptovalyutaların son dövrdə dəyər itirməsi ilk növbədə qlobal maliyyə bazarlarında risk iştahasının azalması, investorların daha təhlükəsiz aktivlərə yönəlməsi və kriptovalyuta fondlarından kapital axınının zəifləməsi ilə bağlıdır:
“Son aylarda bazarda həm institusional investorların marağının azalması, həm də ETF-lərdən vəsait çıxışlarının artması qiymətlərə ciddi təzyiq göstərib. Kriptovalyuta bazarında qiymətlərin enməsi təkcə fundamental amillərlə deyil, həm də bazarın öz struktur xüsusiyyətləri ilə əlaqədardır. Bu bazarda yüksək borc vəsaiti ilə ticarət (leverec) geniş yayılıb. Qiymətlər müəyyən həddən aşağı düşdükdə avtomatik satışlar başlayır və bu proses ucuzlaşmanı daha da sürətləndirir. Son aylarda milyardlarla dollar həcmində məcburi mövqe bağlanmaları qeydə alınıb”.
Ekspert bildirib ki, “Bitcoin”in bir il ərzində təxminən 40 faiz dəyər itirməsi kriptovalyuta bazarının yüksək riskli investisiya sahəsi olduğunu bir daha göstərib:
“Ənənəvi maliyyə alətləri ilə müqayisədə burada qiymət dəyişkənliyi xeyli yüksəkdir və investorlar qısa müddətdə həm böyük qazanc, həm də ciddi itki ilə üzləşə bilərlər. Akademik tədqiqatlar da “Bitcoin” bazarını yüksək volatilliyə malik aktiv kimi xarakterizə edir. Bununla belə, qiymət enişi kriptovalyutaların tamamilə perspektivsiz olduğu anlamına gəlmir. Bu bazar tarixən kəskin yüksəliş və eniş dövrləri ilə seçilib. Lakin burada investisiya edən şəxslər qısamüddətli spekulyativ gəlir gözləntiləri ilə deyil, yüksək riskləri nəzərə alan və portfelin yalnız müəyyən hissəsini əhatə edən strategiya ilə hərəkət etməlidirlər. Qısaca desək,son ucuzlaşma kriptovalyutaların hələ də ənənəvi valyuta və ya istiqraz bazarları səviyyəsində sabit maliyyə alətinə çevrilmədiyini göstərir. Bu bazar yüksək gəlir potensialı ilə yanaşı, yüksək risk də daşıyır və investorlar qərar qəbul edərkən məhz bu balansı nəzərə almalıdırlar”.
Bəsti Rəfizadə
Sfera.az