ABŞ-də neft istehsalı və ixracı son aylarda artıb. Ölkənin gündəlik xam hasilatı 13,65 milyon barel olub, neft ixracı isə 1 milyon 434 min barel artaraq 5 milyon 874 min barelə çatıb. Qeyd edək ki, ABŞ-nin kommersiya xam neft ehtiyatları ötən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 8 milyon barel azalıb.




Bəs ABŞ istehsalı və ixracı artırmaqla dünya bazarlarında neft qiymətlərinin sabitləşməsinə nail ola bilərmi?




Sfera.az-a bu haqda açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, ABŞ-də neft hasilatının və ixracının artması qlobal bazarda təklifin genişlənməsinə səbəb olduğu üçün qiymətlər üzərində müəyyən qədər sabitləşdirici təsir göstərə bilər:




“Bazara əlavə həcmdə neftin daxil olması təklif çatışmazlığı risklərini azaldır və qiymətlərin kəskin yüksəlməsinin qarşısını almağa kömək edir. Lakin neft qiymətlərini yalnız ABŞ-nin hasilatı müəyyən etmir. Burada OPEC+ ölkələrinin istehsal siyasəti, qlobal iqtisadi artım tempi, Çin və digər böyük istehlakçı ölkələrdə tələbin vəziyyəti, geosiyasi risklər və beynəlxalq ticarət prosesləri də mühüm rol oynayır”. 


 



 


İqtisadçının sözlərinə əsasə, əgər qlobal tələb zəifləyərsə və ya bazarda əlavə təklif yaranarsa, qiymətlər aşağı təzyiq altında qala bilər:




“Əksinə, geosiyasi gərginliklərin artması və ya istehsal məhdudiyyətləri qiymətləri yenidən yüksəldə bilər. Ona görə də ABŞ-nin istehsal və ixrac artımı neft bazarında tarazlığın qorunmasına və qiymətlərin sabitləşməsinə müəyyən dəstək versə də, bunun təkbaşına dünya bazarında uzunmüddətli qiymət sabitliyi yaratması mümkün deyil. Neft bazarı çoxsaylı iqtisadi və siyasi amillərin təsiri altında formalaşır və qiymətlərin istiqaməti bu amillərin ümumi təsirindən asılı olur”.




Bəsti Rəfizadə

Sfera.az