Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərinə cəmi 4 gün qalıb.


 


Seçki kampaniyası ölkədə sülh gündəliyi, Azərbaycanla münasibətlər, Rusiya-Qərb rəqabəti və daxili siyasi qarşıdurmalar fonunda keçir. Son sorğular hakim komandanın üstünlüyünü göstərsə də, müxalifətin nəticələrə təsir imkanları və qərarsız seçicilərin mövqeyi hələ də əsas müzakirə mövzularındandır.


 


Hazırkı geosiyasi və daxili siyasi proseslər fonunda Ermənistan parlament seçkilərindən əsas gözləntilər nələrdir? Maraqlıdır, seçkilərin nəticələri necə olacaq, Nikol Paşinyanın hakimiyyətini qoruması ehtimalı nə dərəcədədir və nəticələr Ermənistanın Azərbaycanla münasibətlərinə, eləcə də ölkənin Rusiya-Qərb xətti üzrə gələcək siyasətinə necə təsir göstərə bilər?


 


Mövzu ilə bağlı siyasi şərhçi, siyasi elmlər üzrə fəlsəfə doktoru Üzeyir Mustafayev Sfera.az-a bildirib ki, bir neçə gün sonra Ermənistansa keçiriləcək seçkilərin nəticələri nəinki Ermənistan, eyni zamanda Cənubi Qafqazda gedən geosiyasi proseslərə təsirsiz qalmayacaq:


 



 


“Hazırda seçki mübarizəsi əsasən üç siyasi qüvvə arasında cəmlənib. Bir tərəfdə hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası dayanır. Digər tərəfdə isə keçmiş prezident Robert Koçaryanın dəstəklədiyi müxalif blok – “Ermənistan İttifaqı” və Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyası mövcuddur. Hər üç siyasi qüvvənin platforması bir-birindən fərqlənir. Koçaryan və Karapetyan düşərgəsində daha çox ənənəvi, Rusiya mərkəzli təhlükəsizlik yanaşması və revanşist ritorika üstünlük təşkil etdiyi halda, Paşinyan hökuməti son illərdə daha çox Qərblə balanslı inteqrasiya və regional normallaşma xəttini önə çıxarır”.


 


Onun sözlərinə görə, beləliklə Ermənistanın o cümlədən regiondakı vəziyyətin gələcəyi ilə bağlı iki fərqli istiqamət ortaya çıxır:


 


“Belə ki, Paşinyan Azərbaycan, Türkiyə ilə münasibətlərin normallaşmasını və qarşılıqlı iqtisadi əlaqələrin bərpasını Ermənistanın gələcək xarici siyasət kursunun əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib desək yanılmarıq. Xüsusilə Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlətçiliyinin möhkəmləndirilməsi tezisi, faktiki olaraq, uzun illər erməni cəmiyyətində əsas fikir olmuş “Böyük Ermənistan” ideologiyasından tədricən uzaqlaşma meyli kimi qiymətləndirilə bilər. Bu isə regionda uzunmüddətli sabitlik üçün potensial yeni pəncərə yaradır. Paşinyanın rəqibləri isə daha çox revanşist mövqedən çıxış edirlər. Qarabağa olan əsassız iddialara yenidən qayıtmaq, ermənilərin “tarixi” ərazilərinə dair fikirlər səsləndirərmək əslində ölkəni regionu yenidən münaqişə mərkəzinə çevirmək cəhdidir. Bu reallıqlar onu göstərir ki, faktiki olaraq Ermənistanda seçicilər səs verərək ya qonşuları olan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını və Qərbə inteqrasiyanı, ya da əskinə yeni gərginlik, habelə münaqişələr üçün predment ola biləcək iddialarla zəngin hökuməti formalaşdıracaqlar. Eləcə də bu seçki yalnız Ermənistan daxilindəki qüvvələr mübarizəsi ilə yekunlaşmır.


 


Burada eyni zamanda Qərb və Rusiyanın növbəti diplomatik mübarizəsi gedir. Aydın məsələdir ki, Avropa inteqrasiya yolunu üstün tutan Paşinyanın qarşısında Rusiyaya inteqrasiyanı hər şeydən əlahiddə hesab edən rəqibləri dayanır. Bu opponentlik eyni zamanda o demək deyil ki, Paşinyan seçilərsə Rusiya ilə olan bütün münasibətlər dayana bilər. Rusiya hələdə Ermənistan iqtisadiyyatında kifayət qədər böyük paya malikdir. Bir müddət öncə Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının toplantısından sonra Rusiya prezidenti Vladimir Putin açıq şəkildə bildirdi ki, Ermənistan eyni zamanda həm Avropa İttifaqına, həm də Avrasiya zonasına inteqrasiya edə bilməz. Əgər Ermənistan Aİ-dən çıxarsa bu halda onu artan gömrük rüsumları və erməni miqrantlara qarşı ağırlaşdırılmış siyasət gözləyir. Bir növü Rusiya Ermənistanı bu və ya başqa sözlər ifadə etməklə iqtisadi sanksiyalarla hədələyir”.


 


Ü.Mustafayev qeyd edib ki, Paşinyan son açıqlamalarında balanslı xarici siyasətin vacibliyini dəfələrlə vurğulayaraq bir növü seçkiöncəsi Rusiyanı neytrallaşdırmağa çalışır:


 


“Aİİ ilə dövriyyə Ermənistan iqtisadiyyatının 14 faizini təşkil edir. Bu dövriyyənin birdən-birə azaldılması iqtisadiyyatı çökdürə bilər. Bu səbəbdən qüvvələn balansının gözlənilməsi Ermənistan üçün çox vacibdir. Maraqlı tərəf budur ki, Rusiyanın təhdid ritorikası erməni cəmiyyətində Paşinyana rəğbəti artırır. Putinin açıqlamalarından sonra keçirilmiş sorğularda 65 faiz respondent Paşinyana səs verəcəyini bildirib. Təbii ki, məhdud auditoriyada keçirilən bu sorğuları əsas götürmək olmaz. Bununla belə 2021-ci ildəki növbədənkənar seçkilərdə olduğu kimi bu dəfə də Paşinyanın qələbə qazanacağını deməyə kifayət qədər böyük əsaslar var. Erməni cəmiyyətində kəskin seperatist və revanşist qüvvələr mövcud olsa da, ümumilikdə əhali yeni müharibənin olmasını istəmir. Görünür İkinci Qarabağ müharibəsinin nəticələri çoxəsrlik erməni ideologiyasına rasional zərbə vurub. Bu zərbənin təsirləri 7 iyun seçkilərində də özünü bir daha göstərəcək”.


 


Firuzə Əliyeva


Sfera.az