Təmiz küçələri və yüksək ictimai nizam-intizamı ilə tanınan Yaponiya, xüsusilə turist axınının artdığı böyük şəhərlərdə zibil probleminə qarşı daha sərt tədbirlər görməyə başlayıb. Son illərdə rekord sayda xarici turist qəbul edən Tokio bu baxımdan diqqət mərkəzinə çevrilib.
Sfera.az xəbər verir ki, “Euronews”un məlumatına görə, şəhərin ən sıx və məşhur bölgələrindən biri olan Şibuya rayonu zibil atma qaydalarını pozanlara qarşı yeni və sərt cərimə sistemini tətbiq edib. İkonik Şibuya kəsişməsi ilə dünyaca tanınan bu mərkəzi ərazidə ictimai təmizlik qaydalarını pozan şəxslər dərhal 2000 Yapon yeni (təxminən 600 Azərbaycan manatı) məbləğində cərimə ilə üzləşirlər.
Rəsmilər bildirirlər ki, xüsusilə gecə saatlarında artan zibil problemi həm şəhər estetikasına, həm də ictimai sağlamlığa mənfi təsir göstərir. Buna görə də nəzarət gücləndirilib, patrul xidmətləri artırılıb və qayda pozuntularına qarşı daha operativ cəza mexanizmi tətbiq olunub.
Problemin təkcə turistlərlə məhdudlaşmadığı, yerli əhali və bəzi müəssisələrin də məsuliyyətsiz davranışlarının vəziyyəti çətinləşdirdiyi qeyd olunur. Tokio üzrə digər bölgələrdə də oxşar tədbirlər görülür. Belə ki, bəzi hallarda restoran və içki satış məntəqələrinə, ictimai zibil qutularını təmin etmədikləri və ya lazımi tullantı idarəçiliyinə əməl etmədikləri üçün cərimələr tətbiq edilir.
Şəhər rəhbərliyi hesab edir ki, sərt qaydalar və nəzarət mexanizmləri sayəsində Tokionun “təmiz şəhər” imicini qorumaq və ictimai mədəniyyəti daha da gücləndirmək mümkün olacaq. Buna baxmayaraq, bəzi ekspertlər turist sayının artması ilə paralel olaraq maarifləndirmə tədbirlərinin də genişləndirilməsinin vacibliyini vurğulayırlar.
Mənsumə
Sfera.az