Windows əməliyyat sistemində “Çatdırılmanın optimallaşdırılması” (Delivery Optimization) funksiyasının deaktiv edilməsi kompüterdə internet bağlantısının sürətlənməsinə kömək edə bilər.
Sfera.az bildirir ki, bu barədə XDA nəşri məlumat yayıb.
Nəşrin jurnalisti Samarvir Sinqhin sözlərinə görə, Windows-da əməliyyat sistemi yeniləmələrinin təkcə "Microsof"t serverlərindən deyil, yeniləməni artıq əldə etmiş digər kompüterlərdən də paylaşılmasına imkan verən xüsusi funksiya mövcuddur. O bildirib ki, bu seçim internet sürətinə mənfi təsir göstərə bilər və buna görə də funksiyanın söndürülməsi tövsiyə olunur.
İnternet sürətini artırmağın qeyri-adi üsulunu təqdim edən Sinqh qeyd edib ki, "Microsoft" “Çatdırılmanın optimallaşdırılması” funksiyasından öz serverlərinə düşən yükü azaltmaq üçün istifadə edir. O vurğulayıb ki, bu xüsusiyyət yalnız şəbəkəni yükləmir, həm də əlavə internet trafiki sərf edir. Bu isə xüsusilə məhdud trafik paketindən istifadə edən abonentlər üçün əhəmiyyətlidir.
“Əgər mənim kompüterim digər cihazlar üçün kiçik yeniləmə serverinə çevrilirsə və bunun məqsədi çoxmilyardlıq korporasiyanın serverlərinə düşən yükü azaltmaqdırsa, bu vəziyyətin əslində kimin xeyrinə olduğunu düşünməyə başlayıram”, – deyə jurnalist bildirib.
Xatırladaq ki, iyunun əvvəlində Neowin nəşrinin jurnalistləri Windows 11 kompüterlərindən süni intellekt (AI) alətlərinin silinməsinin yaddaşda onlarla giqabayt yer boşalda biləcəyini yazmışdılar. Onların sözlərinə görə, yaxın vaxtlarda bu imkan əməliyyat sisteminin istifadəçiləri üçün əlçatan olacaq.
İnci
Sfera.az