“İmzalanmış müqavilələrin dəyəri 7,5 milyard dollardan çoxdur”.


 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə olaraq Azərbaycan-ABŞ İqtisadi Dialoqu təşkil olunub və bu platforma iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Deputatın sözlərinə görə, iqtisadi dialoq nəticəsində imzalanan sənədlər münasibətlərin ənənəvi enerji tərəfdaşlığından daha geniş sahələri əhatə edən strateji əməkdaşlığa çevrildiyini nümayiş etdirir.


 


“Bu müqavilələr iki ölkə münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji şaxələndirilmiş və süni intellekt də daxil olmaqla yüksək texnologiyalı iqtisadi müttəfiqliyə daxil olduğunu bildirdi”,– o qeyd edib.


 


Vüqar Bayramov vurğulayıb ki, Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələrin inkişafı ticarət göstəricilərində də özünü göstərir. Onun sözlərinə görə, 2026-cı ilin birinci rübündə iki ölkə arasındakı ticarət dövriyyəsi 2,2 dəfə artaraq 296 milyon dollara çatıb. Deputat qeyd edib ki, ABŞ ilə bağlanmış müqavilələr süni intellekt və rəqəmsal texnologiyalar sahəsində də yeni imkanlar açacaq.


 


O bildirib ki, iki ölkə arasında süni intellekt üzrə işçi qrupunun yaradılması bu sahədə əməkdaşlığın genişlənəcəyindən xəbər verir. “Nəzərə alsaq ki, qlobal rəqəmsal iqtisadiyyatın həcmi 16 trilyon dollardan 24 trilyon dollara qədər yüksəlib və bunun 25 faizi ABŞ-nin payına düşür, bu əməkdaşlıq Azərbaycanın regional süni intellekt qovşağına çevrilməsinə imkan verəcək”, – millət vəkili vurğulayıb. Vüqar Bayramov əlavə edib ki, iki ölkə arasında inkişaf edən münasibətlər yalnız enerji sahəsini deyil, qeyri-enerji sektorlarında da əməkdaşlığın güclənməsinə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.


 


Firuzə Əliyeva


Sfera.az