Nikol Paşinyan İrəvanda seçkiqabağı çıxışı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) və Belarus Prezidenti Aleksandr Lukaşenkonu sərt tənqid edib.
Sfera.az xəbər verir ki, Ermənistanın baş naziri bildirib ki, ölkənin təhlükəsizliyinə zəmanət verməli olan müttəfiqlərlə hüquqi qüvvəyə malik təhlükəsizlik sazişləri mövcud olub. Lakin onun sözlərinə görə, həmin zəmanətçilərdən biri – Lukaşenko buna əməl etməyib.
“Bu şəxs KTMT üzvü kimi bizim təhlükəsizlik təminatçılarımızdan biri idi”, – deyə Paşinyan vurğulayıb.
Ermənistan hərbi-siyasi ittifaqı üzv dövlətlərin müdafiəsi üçün nəzərdə tutulan mexanizmləri işə salmamaqda ittiham edib.
Ermənistanla Belarus arasında münasibətlər də son illərdə ciddi şəkildə pisləşib. İki il əvvəl tərəflər qarşılıqlı olaraq səfirlərini geri çağırıblar və hazırda hər iki ölkədə diplomatik missiyalara müvəqqəti işlər vəkilləri rəhbərlik edir.
Bu yaxınlarda Minsk Ermənistan parlamentinin sədri Alen Simonyanın bəyanatından sonra İrəvana rəsmi etiraz notası göndərib. Simonyan çıxışında “Ermənistan heç vaxt hansısa vilayətə çevrilməyəcək” ifadəsini işlədərək Belarusu nümunə göstərmişdi.
İnci
Sfera.az