“Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, amma sözünün məna və çəkisi böyükdür”.


 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Elman Nəsirov deyib. O bildirib ki, iyunun 1-dən ölkəmizdə keçirilən Bakı Enerji Həftəsi və bu çərçivədə təşkil olunan Bakı Enerji Forumu Azərbaycanın beynəlxalq nüfuzunu və enerji siyasətinin əhəmiyyətini bir daha nümayiş etdirib.


 


Deputat qeyd edib ki, Prezident İlham Əliyevin forumdakı çıxışı strateji əhəmiyyətli mesajlarla yadda qalıb. Onun sözlərinə görə, müasir dövrdə dövlətlərin milli təhlükəsizliyinin ən vacib elementlərindən biri enerji təhlükəsizliyidir.


 


Elman Nəsirov vurğulayıb ki, Azərbaycanın enerji siyasəti enerji təhlükəsizliyi, enerjinin şaxələndirilməsi və azad rəqabət prinsiplərinə əsaslanır.


 


“Bu, istehsalçı, istehlakçı və tranzit ölkələr arasında bağlantının yaradılması siyasətidir ki, burada bütün tərəflər uduşlu vəziyyətdədir. Heç bir halda enerji siyasətin əlində alət olmamalıdır”,– deputat bildirib.


 


Millət vəkili qeyd edib ki, hazırda Azərbaycan dünyanın 16 ölkəsinə qaz ixrac edir. Onlardan 12-si Avropa ölkəsi, 10-u isə Avropa İttifaqına üzv dövlətlərdir. Elman Nəsirovun sözlərinə görə, Azərbaycan 2027-ci ildə Avropaya qaz ixracını 20 milyard kubmetrə çatdırmağı hədəfləyir.


 


Deputat əlavə edib ki, yaxın bir neçə il ərzində ölkədə əlavə 10-15 milyard kubmetr qaz hasilatının gözlənilməsi və 2032-ci ilədək 8 giqavatlıq yaşıl enerji potensialının reallaşdırılması Azərbaycanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək:


 


"Doğrudan da Azərbaycan bugünkü dünyamızda enerji təhlükəsizliyi baxımından müstəsna rol oynayır”,–Elman Nəsirov vurğulayıb.


 


Firuzə Əliyeva


Sfera.az