Elm dünyası hazırda tarixin ən yaxşı qorunub saxlanmış mumiyalarından biri olan "Buz adam Ötzi" üzərində aparılan son araşdırmanı müzakirə edir.




Sfera.az bildirir ki, tədqiqatçılar təxminən 5 min 300 il əvvəl yaşamış mumiyalanmış şəxsin bağırsaqlarında canlılığını qoruyan maya növləri təsbit ediblər.


 


Misir ehramları hələ tikilməzdən əvvəl yaşadığı düşünülən Ötzi, Avstriya ilə İtaliya arasındakı Alplarda kürəyinə dəyən ox yarası nəticəsində həyatını itirib. Onun donmuş bədəni 1991-ci ildə iki alman alpinist tərəfindən təsadüfən tapılıb və həmin tarixdən bəri xüsusi şəraitdə mühafizə olunur.




"Microbiome" jurnalında dərc olunan yeni araşdırmada İtaliya mütəxəssisləri Ötzinin bağırsaqlarında həm qədim, həm də müasir mikroorqanizmlərin izlərini araşdırıblar. Tədqiqatın ən diqqətçəkən və gözlənilməz nəticəsi isə tapılan qədim maya olub.




AFP-nin yaydığı məlumata görə, araşdırmanın baş müəllifi Məhəmməd Sarhan mumiyanın həzm sistemində tapılan mayaların laboratoriya mühitində yenidən çoxaldıldığını açıqlayıb. Tədqiqatçılar daha sonra bu mayadan istifadə edərək çörək bişiriblər.




Beləliklə, bəşəriyyət tarixində ilk dəfə min illər əvvəl yaşamış bir insanın bağırsaqındakı mikroorqanizmlər müasir qida istehsalında istifadə edilib.




Alimlər hesab edirlər ki, donmuş mumiyalarda sağ qala bilən bu cür mikroorqanizmlər gələcəkdə biotexnologiya və qida elmi sahələrində tamamilə yeni qapılar aça bilər.




Bəsti Rəfizadə

Sfera.az