“Apple” gələn həftə keçiriləcək WWDC tədbirində yeni proqram təminatı yeniləmələrini təqdim edəcək. Şirkət iOS 27, iPadOS 27 və macOS 27 əməliyyat sistemlərini rəsmi olaraq açıqlayacaq.
Sfera.az xəbər verir ki, bəzi köhnə “iPhone”, “iPad” və “Mac” modelləri yenilənmələrdən kənarda qalacaq.
Instant Digital tərəfindən yayılan məlumata görə, “iPhone 11”, “iPhone 11 Pro”, “iPhone 11 Pro Max” və ikinci nəsil “iPhone SE” modelləri “iOS 27” yeniləməsini almayacaq. Bu cihazların istifadəçiləri “iOS 26”-da qalacaq və yalnız əsas təhlükəsizlik yeniləmələrini almağa davam edəcək.
Yeni planşet əməliyyat sisteminin uyğunluğu ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb, lakin sızıntılara görə bəzi köhnə modellər yeniləməni qəbul etməyəcək. Gözlənilən siyahıya səkkizinci nəsil “iPad”, “iPad Air 3” və “iPad mini 5” daxildir.
“Apple” açıqlayıb ki, “macOS 27” əməliyyat sistemi artıq köhnə Intel əsaslı Mac kompüterlərini dəstəkləməyəcək. Bu kontekstdə “2019 Mac Pro”, “2020 iMac”, 2019 16 düymlük MacBook Pro və 2020 13 düymlük MacBook Pro modellərinin yeniləmədən kənarda qalacağı gözlənilir.
Şirkətin məqsədi “Apple Silicon” prosessorları ilə işləyən yeni kompüterlər üçün performansı, səmərəliliyi və gələcək xüsusiyyətləri optimallaşdırmaqdır.
Mənsumə
Sfera.az