“Apple” şirkətinin iOS 27 əməliyyat sistemi ilə təqdim edəcəyi yeni nəsil Siri səsli köməkçisinin “Google” və “Nvidia” texnologiyalarından istifadə edəcəyi məlum olub.


 


Sfera.az xəbər verir ki, şirkət bu dəfə yalnız öz infrastrukturuna güvənmək əvəzinə, “Google”-un süni intellekt imkanlarını “Nvidia”-nın güclü avadanlıqları ilə birləşdirəcək.


 


Məlumata görə, yenilənmiş Siri süni intellekt sorğularını emal etmək üçün Google Cloud platformasında yerləşən Nvidia Blackwell B200 çiplərindən istifadə edəcək. Bu çiplər böyük həcmli süni intellekt modellərinin işlədilməsi üçün nəzərdə tutulub və yüksək hesablama gücü ilə seçilir.


 


“Apple” istifadəçi məlumatlarının təhlükəsizliyini qorumaq məqsədilə məlumatların emalı zamanı şifrələmə təmin edən məxfi hesablama texnologiyasını da tətbiq edəcək.


 


Əməkdaşlıq çərçivəsində bəzi istifadəçi sorğuları “Google Cloud” üzərində çalışan “Gemini” modelinin lisenziyalı versiyası vasitəsilə cavablandırılacaq.


 


Bildirilir ki, yeni sistem sayəsində Siri çoxmərhələli məntiqi düşünmə tətbiqlərlə daha dərin inteqrasiya və istifadəçi kontekstini daha yaxşı anlama kimi mürəkkəb tapşırıqları yerinə yetirə biləcək.


 


Gözlənilir ki, yenilənmiş Siri ilə bağlı bütün detallar iyunun 8-də keçiriləcək WWDC26 tədbirində rəsmi şəkildə açıqlanacaq.


 


Mənsumə

Sfera.az