Son aylarda dəyəri azalan xalis qızılın bir qədər də ucuzlaşacağı proqnozlaşdırılır.
Sfera.az xəbər verir ki, buna səbəb ABŞ mərkəzi bankının (FED) faiz dərəcələrini yenidən artıracağına dair gözləntidir.
ABŞ-də inflyasiya səviyyəsinin yüksəlməsi FED-in faizləri artırmasını tələb edir. Hazırda FED-in faiz səviyyəsi 3,5-3,75% arasında dəyişir. Proqnoza görə, faizlər 0,7 həddində artırıla bilər.
Faizlərin artırılması ABŞ dövlətinin qiymətli kağızlarına investisiyanı daha gəlirli edir. Buna görə də investorların bir hissəsi qızıldan imtina edib qiymətli kağızlara yönəlir. Bununla yanaşı, adətən FED faizləri artıranda dollar da bahalaşır. Qızılın qiyməti dollarla müəyyən edildiyindən, dolların bahalaşması qızılı ucuzlaşdırır.
Mövcud vəziyyətdə qızılın bir qədər də ucuzlaşacağı təxmin edilir. Proqnozlara görə, hazırda bir troya unsiyasının (31,1 qram) qiyməti 4300 dollar olan qızılın dəyəri 4 min dollara qədər enəcək.
Xatırladaq ki, qızılın dəyəri bu ilin fevralında 5250 dollara qədər yüksəlmişdi.
Vasif
Sfera.az