Avropa İttifaqının fəaliyyət istiqamətlərində müşahidə olunan dəyişikliklər təşkilatın əvvəlki illərlə müqayisədə daha fərqli mərhələyə keçdiyi ilə bağlı müzakirələri artırıb.


 


Uzun müddət əsasən iqtisadi inteqrasiya, ticarət münasibətləri və hüquqi əməkdaşlıq platforması kimi çıxış edən Aİ artıq təhlükəsizlik və müdafiə məsələlərində də daha aktiv mövqe nümayiş etdirir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrinin müdafiə siyasətində koordinasiyanın güclənməsi, hərbi büdcələrin artırılması və təhlükəsizlik sahəsində ortaq qərarların qəbul olunması bu istiqamətdə diqqət çəkən məqamlardan sayılır.


 


Məhz bu fonda Rusiya baş nazirinin müavini Aleksey Overçukun “Avropa İttifaqı iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilib” fikri beynəlxalq siyasi dairələrdə müzakirələrə səbəb olub.


 


Bu fikir reallığı nə dərəcədə əks etdirir? Həqiqətən Aİ iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilib?


 


Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib. O da bu fikirləri təsdiq edərək Aİ-nin fəaliyyətində kifayət qədər ciddi dəyişiklik nümunələrinin müşahidə olunduğunu bildirib:


 



 


“Həqiqətən də əvvəllər Avropa İttifaqı, əsasən, maliyyə-iqtisadi faktorlar üzərindən fəaliyyət göstərirdi və bu fəaliyyətə ehtiyac duyulduqca hüquqi, ideoloji istiqamətlər üzrə atılan addımlar da əlavə olunurdu. Hansısa ölkəyə qarşı təzyiq göstərmək üçün demokratiya və insan haqları faktorları önə çəkilir və manipulyasiya edilirdi. Bu, inkarolunmaz reallıqdır. Ancaq Ukrayna müharibəsinin başlanmasından sonra təbii ki, Avropa Birliyinin fəaliyyətində müəyyən yeni istiqamətlər müşahidə olunub. İndiki şəraitə ümumi baxış əsasında söyləmək olar ki, Avropa Birliyi artıq sadəcə maliyyə-iqtisadi faktorlar üzərindən fəaliyyət göstərən bir qurum deyil. Bu qurum son illərdə hərbi istiqamətlər üzrə də addımlar atmağa başlayıb. Düzdür, birbaşa hərbi xarakterli addımlar atılmır, amma müharibənin maliyyələşdirilməsi üzrə atılan addımlar Avropa Birliyini müəyyən mənada müharibənin iştirakçısına və hərbi xarakterli fəaliyyətin daşıyıcısına çevirir”.


 


Ekspert Aİ-nin siyasətində baş verən dəyişikliklərin səbəbini izah edib:


 


“ Avropa Birliyi ölkələri Ukraynaya silah-sursat və hərbi texnika göndərir. Eyni zamanda, Avropa Birliyi ölkələri Amerika Birləşmiş Ştatlarından və ya silah-sursata malik olan digər istehsalçı ölkələrdən hərbi texnika satın alaraq Ukraynaya göndərirlər. Bu da dolayısı ilə hərbi xarakterli fəaliyyət kimi görünür, yəni müharibənin maliyyələşdirilməsi anlamına gəlir. Rusiyanın bu məsələdə Avropa Birliyini qınamasına gəldikdə isə, bunun özü də absurd və məntiqsizdir. Çünki Rusiya dünyanın müstəqil bir ölkəsinə qarşı işğalçı siyasət yürüdür, Ukraynanın ərazilərini zor, silah və ordu gücü ilə işğal edir. Təbii ki, Ukrayna ilə münasibətləri yaxşı olan Avropa Birliyi ölkələri də Ukraynaya dəstək verməkdə haqlı görünürlər. Avropa Birliyi ölkələri Ukraynaya hərbi dəstək verərkən, yəni hərbi texnika və silah-sursat göndərərkən əsas arqument kimi onu irəli sürürlər ki, Ukrayna müstəqil dövlətdir və onun ərazi bütövlüyünün qorunmasına dəstək beynəlxalq hüquq normalarının tələbləri çərçivəsində həyata keçirilir. Bu məsələdə Kreml təmsilçiləri nə qədər qınamağa çalışsalar belə, Rusiyanın mövqeyi absurd, məntiqsiz və mənasız görünür. Çünki işğalçı bir dövlətin işğala məruz qalan ölkəyə dəstək verənləri qınamağa haqqı yoxdur”.


 


Bəsti Rəfizadə


Sfera.az