Asiya üçün kömürün əsas qiyməti iki ilin ən yüksək səviyyəsini keçib. Qiymət artımı İndoneziyanın tətbiq etdiyi yeni ixrac qaydalarının daşınmaları gecikdirməsi və yayın başlaması ilə elektrik enerjisinə tələbatın artması ilə əlaqədardır.
Sfera.az xəbər verir ki, Avstraliyanın Nyukasl kömürünün iyun fyuçersləri 2,4% artaraq ton başına 152,25 dollara çatıb ki, bu da 2023-cü ilin sonundan bəri ən yüksək qiymət hesab edilir.
Qeyd edək ki, Asiyanın bir çox ölkəsində, o cümlədən Çin, Hindistan, İndoneziya kimi iri iqtisadiyyatlarda hələ də elektrik enerjisinin istehsalında daş kömüründən çox istifadə olunur. Yay aylarında elektrik enerjisinə tələbin artması ilə əlaqədar istehsal artırılır ki, bu da kömürə olan tələbi yüksəldir.
Kömürü bahalaşdıran digər səbəb təbii qazın və neftin bahalaşmasıdır. Hazırda kömür ucuz yanacaq kimi istifadə edilir. Son proqnozlara əsasən, 2026-cı ildə Asiyada kömür istehlakı 70 milyon ton artacaq.
Vasif
Sfera.az