Yer kürəsində yaxın günlərdə güclü maqnit qasırğasının baş verəcəyi gözlənilir.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astrofizikası Laboratoriyasının mütəxəssisləri məlumat yayıblar.
Bildirilib ki, G3 səviyyəli (güclü) maqnit qasırğası ayın əvvəlində Günəşdə müşahidə olunan aktivliyin artmasının nəticəsi olacaq. Hesablamalara görə, iyunun 6-da Günəşdən ayrılan son plazma buludu Yerə doğru hərəkət edir və yaxın saatlarda planetimizin yaxınlığına çatacaq.
Mütəxəssislər maqnit qasırğasının başvermə ehtimalını 96 faiz qiymətləndirirlər. Hadisənin bir sutkadan artıq davam etməsi və növbəti günə keçməsi ehtimalı isə 85 faizdir.
Proqnozun əsasını Günəşi və Yerətrafı kosmosu müşahidə edən STEREO kosmik aparatının göndərdiyi görüntülər təşkil edir. Həmin görüntülərdə plazma buludunun birbaşa Yer istiqamətində hərəkət etdiyi görünür.
Alimlər həmçinin Yerə yaxın fəaliyyət göstərən koronoqrafların “halo” tipli hadisə qeydə aldığını bildiriblər. Bu termin adətən Yer istiqamətində yönələn Günəş plazması axınlarını ifadə edir.
Mütəxəssislər meteohəssas insanlara bu dövrdə sağlamlıqlarına daha diqqətli yanaşmağı tövsiyə edirlər.
İnci
Sfera.az