Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda Misirdə turistlərin oğurlanaraq fidyə tələb edilməsi ilə bağlı iddialar yayılıb.
Bu məlumatlar səyahət etməyi planlaşdıran şəxslər arasında ciddi narahatlıq yaradıb.
Sfera.az mövzu ilə bağlı araşdırma aparıb və məlum olub ki, səsləndirilən iddialar əsasən köhnə hadisələrin yenidən gündəmə gətirilməsi ilə bağlıdır. Hazırkı reallıqda Misirin əsas turizm bölgələrində turistlərin fidyə məqsədilə oğurlanması halları qeydə alınmır.
Şayiələrin əsasında nə dayanır?
Turistlərin qaçırılması ilə bağlı qorxular daha çox 2011-2013-cü illərdə Misirdə baş verən siyasi böhran dövrü ilə əlaqələndirilir. Həmin illərdə Sina yarımadasının bəzi dağlıq və nəzarətin zəif olduğu bölgələrində yerli qəbilələr hökumətə təzyiq göstərmək məqsədilə bəzi əcnəbi işçiləri və fərdi səyahətçiləri qısa müddətə oğurlayaraq saxlayıblar. Bu hadisələr əsasən hökumətlə müəyyən problemlərin həlli üçün vasitə kimi istifadə olunub və insanların həyatına təhlükə yaradılmayıb. Saxlanılan şəxslər qısa müddət sonra danışıqlar yolu ilə azad ediliblər. Hazırda isə belə hallara demək olar ki, rast gəlinmir.
Turizm Misir iqtisadiyyatının əsas sahələrindən biri olduğuna görə ölkə rəhbərliyi turistlərin təhlükəsizliyinə xüsusi önəm verir. Hurqada, Şarm əş-Şeyx, Luksor və Qahirənin tarixi mərkəzləri kimi məşhur turizm zonalarında təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub. Ölkədə xüsusi “Turizm Polisi” fəaliyyət göstərir. Otellərin girişləri, əsas magistral yollar və turistik məkanlar nəzarət-buraxılış məntəqələri vasitəsilə daim yoxlanılır. Bundan əlavə, təhlükəli hesab edilən bəzi ərazilərə, xüsusilə Şimali Sina və Liviya sərhədinə yaxın bölgələrə turistlərin girişinə rəsmi şəkildə qadağa qoyulub.
Hazırda Misirə səfər edən turistlərin adam oğurluğu kimi ağır cinayətlərlə qarşılaşma ehtimalı olduqca aşağıdır. Bununla belə, səyahətçilər bəzi xırda problemlərlə üzləşə bilərlər. Ən çox rast gəlinən hallar turistlərə qarşı edilən müxtəlif fırıldaqçılıqlardır. Xüsusilə ehramlar ətrafında dəvə gəzintisi, bələdçilik və ya suvenir satışı adı ilə turistlərdən yüksək məbləğ tələb edən şəxslərə tez-tez rast gəlinir. Bundan başqa, izdihamlı bazarlarda və ictimai nəqliyyatda cibgirlik halları mümkündür.
Küçə taksilərindən istifadə zamanı isə qiymətin əvvəlcədən razılaşdırılması tövsiyə edilir. Turistlərə daha təhlükəsiz seçim kimi beynəlxalq onlayn taksi tətbiqlərindən istifadə məsləhət görülür. Mövcud vəziyyət göstərir ki, rəsmi tur paketləri ilə səyahət edən, otel və ekskursiyalar zamanı müəyyən edilmiş marşrutlara əməl edən turistlər üçün Misirdə “oğurlanma” təhlükəsi real hesab edilmir.
Bəsti Rəfizadə
Sfera.az