Azərbaycanda 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı Milli Məclisdə səslənən təşəbbüs geniş müzakirələr yaradıb.
Bir çox valideyn bunu uşaqların psixoloji təhlükəsizliyi baxımından vacib addım hesab etsə də, qərarın texniki baxımdan nə dərəcədə effektiv olacağı sual doğurur. Çünki müasir dövrdə sosial şəbəkələrə girişin qarşısını tam almaq olduqca çətin görünür. Xüsusilə “TikTok”, “Instagram”, “Facebook” və digər platformalarda yaş məhdudiyyətinin necə yoxlanılacağı əsas müzakirə mövzularındandır.
Qəbul edilən qadağanın kütləviliyi olacaqmı? Proses necə tənzimlənməlidir?
Sfera.az-a bu haqda açıqlama verən sosial media mütəxəssisi Nicat Abdullayev bu prosesin texniki baxımdan həyata keçirilməsinin çətin olacağını vurğylayıb:
“Bu gün sosial şəbəkələr ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də informasiya, reklam və davranış modellərinin formalaşdığı geniş bir mühitdir. Uşaqlar isə bu mühitdə dezinformasiya, kibertəzyiq, zərərli kontent, şəxsi məlumatların oğurlanması və müxtəlif psixoloji risklərlə daha çox üz-üzə qalırlar. Lakin məsələ ondadır ki, müasir texnologiyalar dövründə sosial şəbəkələrə girişin tam qadağan edilməsi və ya bunun effektiv şəkildə nəzarətdə saxlanılması texniki baxımdan kifayət qədər çətindir. Hazırda əksər platformalarda yaş məhdudiyyəti olsa da, istifadəçilərin böyük hissəsi qeydiyyat zamanı yaşını asanlıqla dəyişə bilir. Bu səbəbdən qanunvericilikdə məhdudiyyət müəyyənləşdirmək problemin tam həlli demək deyil. Mən hesab edirəm ki, bu istiqamətdə əsas diqqət qadağadan daha çox tənzimləmə və nəzarət mexanizmlərinin qurulmasına yönəlməlidir. Dünyanın müxtəlif ölkələrində tətbiq olunan təcrübələr göstərir ki, valideyn razılığı, şəxsiyyət təsdiqləmə sistemləri, uşaqlar üçün xüsusi təhlükəsizlik rejimləri və valideyn nəzarəti alətləri daha effektiv nəticə verir. Azərbaycanda da gələcəkdə sosial şəbəkələrə qeydiyyat zamanı şəxsiyyətin təsdiqlənməsi, valideyn nəzarəti imkanlarının genişləndirilməsi və rəqəmsal identifikasiya mexanizmlərinin tətbiqi müzakirə oluna bilər”.
Mütəxəssis əsas məqamın media savadlılığı ilə bağlı olduğunu bildirib. Onun fikrincə, uşaqlara internetdə təhlükəsiz davranış qaydaları öyrədilməli, valideynlər rəqəmsal mühitin riskləri barədə maarifləndirilməli, məktəblərdə media savadlılığı ilə bağlı tədris elementləri gücləndirilməlidir:
“Ona görə də hesab edirəm ki, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ideyası müzakirəyə açıq olsa da, onun uğuru texniki nəzarət mexanizmlərinin, valideyn məsuliyyətinin və rəqəmsal savadlılığın eyni vaxtda inkişaf etdirilməsindən asılı olacaq. Əks halda, sadəcə qadağa tətbiq etmək uşaqların sosial şəbəkələrdən istifadəsini tam dayandırmayacaq, əksinə onların müxtəlif yollarla bu məhdudiyyətləri aşmasına səbəb ola bilər. Bu məsələdə balanslı və çoxşaxəli yanaşma daha səmərəli görünür. Sosial şəbəkələr hələ problemin daha yumşaq formasıdır. Qarşıdakı dövrdə isə süni intellekt və onun əsasında fəaliyyət göstərən texnologiyalar insanları daha ciddi problemlərlə üz-üzə qoyacaq. Məhz buna görə də media savadlılığına mütləq diqqət ayrılmalı, bu istiqamət ciddi şəkildə inkişaf etdirilməlidir.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda bu sahə ilə bağlı müəyyən addımlar bir neçə il əvvəl atılmağa başlasa da, hazırda ali təhsil müəssisələrində belə sosial media ilə bağlı fənlərin tədrisi yetərli səviyyədə deyil. Orta məktəblərdə isə bu istiqamətdə vəziyyət daha zəifdir. Dünya təcrübəsinə baxdıqda görürük ki, Fransa, Amerika Birləşmiş Ştatları, Yaponiya və Cənubi Koreya kimi ölkələrdə artıq bir neçə ildir orta məktəblərdə media savadlılığı dərsləri keçirilir. Üstəlik, bu dərslər sadəcə dərnək formasında deyil, əsas tədris proqramının tərkib hissəsi kimi tədris olunur. Yəni riyaziyyat və ana dili fənləri hansı səviyyədə əhəmiyyət daşıyırsa, media savadlılığı da eyni dərəcədə vacib hesab edilir. Bu baxımdan bir daha vurğulamaq istəyirəm ki, media savadlılığının inkişafı artıq zərurətə çevrilib. Hətta demək olar ki, hazırda buna uşaqlardan daha çox böyüklərin, valideynlərin ehtiyacı var”.
Bəsti Rəfizadə
Sfera.az