Əhalisinin sayı son illərdə sürətlə artan və bunun sayəsində Çini keçərək ilk sıraya yüksələn Hindistanda doğum səviyyəsinin sürətlə azalması müşahidə edilir. 




Sfera.az xəbər verir ki, rəsmi qurumlar tərəfindən dərc edilən son Nümunə Qeydiyyat Sistemi (SRS) hesabatına görə, ölkədə hər qadına düşən uşaqların sayı 1,9-a düşüb. 




Ekspertlər deyir ki, bir ölkədə əhalinin sayının azalmaması üçün uşaq sayının 2,1-dən aşağı düşməməsi lazımdır. Lakin Hindistan artıq əhalisinin sayı sürətlə artan ölkədən tədricən qismən artan ölkəyə çevrilməkdədir. 


 


Hindistanda 2000-ci illərin əvvəllərində qadın başına doğulan uşaq sayı 3,3 olub. Mütəxəssislər bildirir ki, sürətli azalmanın səbəbi ölkənin keçirdiyi sosial və iqtisadi transformasiya ilə bağlıdır. Qadınların təhsil seviyyəsinin yüksəlməsi və doğum nəzarəti metodlarına çıxışın artması ev təsərrüfatlarında uşaq sahibi olmaq qərarlarına birbaşa təsir göstərib. Bundan əlavə, yaşayış xərclərinin artması və uşaq böyütmək üçün lazım olan xərclərin yüksəlməsi doğuma ciddi təsir edir.


 


Doğum sayına görə, Hindistanda regionlar arasında kəskin fərqlər var. Təhsil və rifah səviyyəsinin ən aşağı olduğu, ən kasıb şimal əyalətlərindən biri olan Biharda doğum nisbəti 2,9-a çatıb, Uttar Pradeşdə isə 2,6 təşkil edib.Əksinə, səhiyyə, təhsil və qadın hüquqlarının yüksək səviyyədə təmin edildiyi cənub Kerala və Tamil Nadu əyalətlərində bu nisbət 1,3-ə düşüb, paytaxt Yeni Dehlidə isə 1,2-yə qədər enib.Əhalini nəzarət altına alan cənub əyalətləri federal hökumətin büdcə ayırmalarının azalmasından şikayətlənirlər ki, bu da ölkədə böyük siyasi böhrana səbəb xidmət edir.




Hindistan 2005-ci ildən bəri işləyən əhalinin yaşlı və uşaqlardan çox olduğu "demoqrafik fürsət pəncərəsi" kimi tanınan qızıl dövr yaşayır. Yaponiya və Çin bu fürsətdən istifadə edərək iqtisadi güc mərkəzlərinə çevrildilər. Hindistanın bu üstünlüyü 2055-ci ilə qədər qoruyub saxlaması gözlənilirdi, lakin doğum nisbətlərinin qəfil azalması bu planları pozdu. Mütəxəssislər Hindistanın tam inkişaf etmiş bir iqtisadiyyata çatmadan növbəti 30 il ərzində sürətlə qocalan əhalisi və kütləvi əmək böhranı ilə üzləşəcəyi barədə ciddi xəbərdarlıqlar edirlər.


 


Əhalinin bu kəskin azalması həmçinin Hindistanın etnik və dini balansını sarsıdır. Hakimiyyətdəki millətçi dairələrin "müsəlmanların daha çox uşağı var" arqumentlərinin əksinə olaraq, rəsmi məlumatlar göstərir ki, müsəlmanlar arasında doğum nisbəti son 30 ildə digər dini qruplardan daha sürətli azalaraq 4,41-dən 2,36-ya düşüb. Gələcəkdə parlament yerlərinin itirilməsindən qorxan Andhra Pradeş kimi bəzi cənub əyalətləri artıq panikaya düşüb və üçüncü və ya dördüncü uşaq sahibi olan ailələrə nağd yardım və pulsuz süni mayalanma müalicəsi kimi aqressiv əhali təşviqləri təklif etməyə başlayıblar.




Vasif

Sfera.az