Çin növbəti beş il ərzində ölkə daxilində məlumat mərkəzləri qurmaq üçün təxminən 2 trilyon yuan (295 milyard dollar) xərcləməyə hazırlaşır.
Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, Pekinin daxili süni intellekt (Sİ) sektorunu canlandıracaq və potensial olaraq oyun qaydalarını dəyişdirəcək bu addım, texnologiyada ABŞ-ni ötmək məqsədini də gücləndirir.
Çində Milli İnkişaf və İslahat Komissiyası (NDRC) da daxil olmaqla əsas dövlət qurumları ölkə daxilində bir-biri ilə əlaqəli məlumat mərkəzləri şəbəkəsi yaratmağı planlaşdırır. Bir mənbə bildirib ki, "China Mobile" və "China Telecom" kimi dövlət şirkətləri məlumat mərkəzlərinin əksəriyyətlərini idarə edəcək və onların qarşılıqlı əlaqəsini təmin edəcək.
Mənbələr bildirib ki, plan texnologiyanın ən azı 80 faizi üçün "Huawei Technologies" kimi yerli təchizatçılara etibar edir və "Nvidia" və "Advanced Micro Devices" (AMD) şirkətlərini bazardan faktiki olaraq kənarlaşdırır. Bu plan, Çinin gələcək Sİ inkişafı üçün təməl qoymaq məqsədilə Pekinin bu günə qədər ən iddialı təşəbbüsü kimi ortaya çıxdı. Mənbələr məlumat mərkəzi layihəsinin hələ ilkin mərhələdə olduğunu və detalların dəyişə biləcəyini bildirdilər.
"Bloomberg" yazır ki, bu investisiya "Meta Platforms" və "Microsoft" kimi ABŞ nəhəngləri tərəfindən təkcə bu il Sİ üçün ayrılan 725 milyard dollarla müqayisədə çox aşağıdır. Bununla belə Çindəki məlumat mərkəzləri ümumiyyətlə daha ucuz işçi qüvvəsi, komponent və tikinti xərcləri və yerli hökumət təşviqləri səbəbindən ABŞ-dakılardan daha ucuzdur.
Mənbələrə görə, Çin layihəyə məlumat mərkəzləri və daha sürətli rabitə infrastrukturunu əhatə edən Sİ qurğularından əlavə, elektrik şəbəkəsini də inteqrasiya etməyi planlaşdırır. Mənbələr bunun ümumi investisiyanı ən azı 5 trilyon yuana çatdıra biləcəyini bildiriblər.
Vasif
Sfera.az