“Stellantis” konserni yanğın riski səbəbindən dünya üzrə 1,3 milyondan çox "Jeep" markalı avtomobili geri çağırdığını açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Xidmət kampaniyası 2021-2025-ci il buraxılışlı "Jeep Wrangler" və "Jeep Gladiator" modellərini əhatə edir. Məlumata görə, problem elektrik-hidravlik sükan gücləndiricisinin nasosuna aid naqil birləşməsindədir. Nadir hallarda bu nasazlıq həddindən artıq qızmaya və nəticədə yanğına səbəb ola bilər.
Şirkət avtomobil sahiblərinə problem aradan qaldırılanadək nəqliyyat vasitələrini binalardan və digər avtomobillərdən uzaqda saxlamağı tövsiyə edib.
ABŞ-də geri çağırılacaq avtomobillərin sayı təxminən 1,08 milyon, Kanadada 106 min, Meksikada 23 min, digər ölkələrdə isə 125 minə yaxındır.
Təmir prosesi zamanı mütəxəssislər naqil dəstini yoxlayacaq, zərurət yaranarsa onu və ya sükan gücləndiricisinin nasosunu təmir və ya dəyişdirəcəklər.
“Stellantis” bildirib ki, indiyədək nasazlıqla əlaqəli olduğu ehtimal edilən yalnız bir xəsarət hadisəsi qeydə alınıb. Problemlə bağlı yol-nəqliyyat hadisəsi və ya ölüm faktı isə qeydə alınmayıb.
İnci
Sfera.az