Milli Məclisin deputatı Ülviyyə Həmzəyevanın parlamentdəki çıxışı sosial şəbəkələrdə tənqid olunub. Belə ki, yayılan videogörüntülərdə xanım deputatın çıxışı zamanı hazır mətni üzündən yaxşı oxumadığı, hərfləri düzgün tələffüz etmədiyi əks olunub.
Sfera.az xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev məsələ ilə bağlı azxeber.com-a bildirib ki, insanların nitq qüsuruna görə hədəfə alınması doğru deyil:
"İnsanların sözləri düzgün tələffüz edə bilməməsi və ya nitq qüsuruna görə hədəfə alınması doğru və ədalətli yanaşma deyil. Nitq qüsuru hər kəsin iradəsindən asılı olmayan, fərdi xüsusiyyət kimi qəbul olunmalıdır və bunun üzərindən kimisə qiymətləndirmək etik çərçivəyə sığmır”.
Parlamentari qeyd edib ki, cəmiyyətdə əsas diqqət insanın necə danışdığına yox, hansı məzmunu çatdırdığına yönəlməlidir:
"Cəmiyyətdə əsas diqqət insanın necə danışdığına yox, nə dediyinə, hansı məzmunu çatdırdığına yönəlməlidir. Əgər fikir və mövqe ilə bağlı narazılıq varsa, bu, şəxsi keyfiyyətlər üzərindən deyil, arqument və məntiq əsasında ifadə olunmalıdır. Daha sağlam ictimai mühit üçün qarşılıqlı hörmət, anlayış və dözümlülük prinsipləri qorunmalıdır”.