Alimlər tərəfindən aparılan yeni araşdırma pişik sahibliyi ilə şizofreniya ilə əlaqəli psixi pozuntular arasında mümkün əlaqəni gündəmə gətirib.
Sfera.az xəbər verir ki, Avstraliyadakı Kvinslend Ruhi Sağlamlıq Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən aparılan təhlil nəticəsində pişik saxlayan və ya pişiklərlə sıx təmasda olan şəxslərdə şizofreniya ilə əlaqəli xəstəliklərin inkişaf riskinin daha yüksək ola biləcəyi müəyyən edilib.
Araşdırma çərçivəsində 1980-2023-cü illər ərzində 11 fərqli ölkədə həyata keçirilən 17 elmi tədqiqatın nəticələri təhlil olunub.
Nəticələrə görə, pişiklərlə təmasda olan insanlarda şizofreniya ilə əlaqəli xəstəliklərin yaranma ehtimalı digər şəxslərlə müqayisədə təxminən iki dəfə çoxdur.
Bununla belə tədqiqat müəllifləri əldə olunan nəticələrin pişiklərin birbaşa şizofreniyaya səbəb olduğunu sübut etmədiyini vurğulayırlar. Onların sözlərinə görə, hazırkı məlumatlar yalnız müəyyən əlaqənin mövcudluğunu göstərir və qəti nəticəyə gəlmək üçün daha genişmiqyaslı, keyfiyyətli araşdırmalara ehtiyac var.
Tədqiqat qrupu hesab edir ki, mövzu ilə bağlı daha dəqiq elmi nəticələrin əldə olunması üçün gələcəkdə əlavə araşdırmalar aparılmalıdır.
Mənsumə
Sfera.az