Bu gün, 10 iyun dünyada qeyri-rəsmi olaraq Dünya Dondurma Günü kimi qeyd olunur. Milyonlarla insanın sevimli desertlərindən biri olan dondurma bu gün xüsusi diqqət mərkəzində olur. 


 


Sfera.az xəbər verir ki, Dünya Dondurma Gününün tarixi XVIII əsrə gedib çıxır.


 


Məlumatlara görə, 1786-cı il iyunun 10-da ABŞ-də dondurmanın kütləvi satışına başlanılıb və məhsul daha geniş əhali kütləsi üçün əlçatan olub. Məhz bu hadisə sonradan 10 iyunun Dondurma Günü kimi qeyd edilməsinə səbəb olub. 


 


Tarixçilərin fikrincə, dondurmaya bənzər ilk qidalar qədim Çin və İran ərazilərində hazırlanıb. Müasir dondurmanın yaranması isə əsrlər boyu davam edən inkişaf prosesinin nəticəsidir. 


 


Bu gün dünyanın müxtəlif ölkələrində dondurma festivalları, dequstasiyalar və müxtəlif əyləncəli tədbirlər keçirilir. Bir çox kafe və restoranlar müştərilərinə xüsusi endirimlər təqdim edir, istehsalçılar isə yeni dadları nümayiş etdirirlər. 


 


Maraqlıdır ki, ABŞ-də rəsmi Milli Dondurma Günü iyul ayının üçüncü bazar günü qeyd olunur. Bu ənənənin əsası 1984-cü ildə ABŞ Prezidenti Ronald Reagan tərəfindən qoyulub. Həmin il iyul ayı “Milli Dondurma Ayı”, bir gün isə “Milli Dondurma Günü” elan edilib. 


 


Mütəxəssislər bildirirlər ki, isti yay günlərində ən çox seçilən desertlərdən biri olan dondurma düzgün saxlanılmadıqda sağlamlıq üçün risk yarada bilər. Buna görə də məhsulun saxlanma şəraitinə və son istifadə tarixinə diqqət yetirmək tövsiyə olunur.


 


Bu gün isə dondurma həvəskarları üçün ən yaxşı bəhanə sevimli dadlarını seçərək yayın şirin tərəfini qeyd etməkdir. 


 


Firuzə Əliyeva

Sfera.az