Azərbaycanda mövcud kitabxana şəbəkəsi əhalinin informasiya və bilik resurslarına olan tələbatını tam şəkildə qarşılamır.
Sfera.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, aparılan təhlillər kitabxana sistemində həm infrastruktur, həm də məzmun baxımından ciddi problemlərin olduğunu ortaya qoyub.
"Bu gün kitabxanalarımız tələbatı tam şəkildə təmin edə bilirmi? Etiraf etməliyik ki, xeyr. Araşdırmalar göstərir ki, mövcud şəbəkə bu sahədəki tələbatın hətta 30-35 faizini belə qarşılamır", - nazir vurğulayıb.
Onun sözlərinə görə, yeni modelin əsas məqsədi ölkə əhalisinin ən azı 95 faizinin kitab və informasiya resurslarına əlçatanlığını təmin etməkdir.
Adil Kərimli əlavə edib ki, gələcəkdə bu göstəricinin 100 faizə çatdırılması hədəflənir. Yeni sistem vasitəsilə regionlarda yaşayan tələbə və tədqiqatçıların da Bakıdakı istifadəçilərlə eyni imkanlara malik olması nəzərdə tutulur.
Mədəniyyət naziri Azərbaycanda kitabxana fondlarının zənginləşdirilməsi istiqamətində görülən işlərdən də danışıb.
Nazirin sözlərinə görə, son illərdə kitabxana fondlarının təhlili zamanı bir sıra nəşrlərin cəmiyyət üçün faydalılığı ilə bağlı suallar yaranıb.
"Monitorinqlər göstərdi ki, kitabxana fondlarında toplanan bəzi kitabların dəyəri və faydalılığı sual doğurur. Xüsusilə elmi və elmi-kütləvi kitablara ciddi ehtiyac var", - nazir bildirib.
Adil Kərimli qeyd edib ki, son üç ildə nəşrlərin satın alınması üzrə xüsusi komissiya fəaliyyət göstərir. Dövlət hər il kitab alışına təxminən 600 min manat vəsait ayırır.
Nazir vurğulayıb ki, bundan sonra üstünlük daha çox elmi və elmi-kütləvi ədəbiyyatın alınmasına veriləcək. Bununla yanaşı, müəlliflər və nəşriyyatlar da elmi kitabların hazırlanmasına təşviq olunacaq.
Firuzə Əliyeva
Sfera.az