Milli Məclisdə keçirilən "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirədə çıxış edən mədəniyyət naziri Adil Kərimli kitabxanalarla bağlı yayılan bəzi fikirlərə münasibət bildirib.


 


Sfera.az xəbər verir ki, nazir Mədəniyyət Nazirliyinin kitabxanalara qarşı soyuq münasibət göstərməsi və ya onların bağlanması barədə iddiaların həqiqəti əks etdirmədiyini deyib.


 


"Biz bəzən cəmiyyətdən bu mesajları alırıq ki, Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır. Əsla elə deyil. Bu, qətiyyən qəbulolunan mövqe ola bilməz. Kitabxanalar dövlətimiz üçün prioritet sahələrdən biridir", - o vurğulayıb.


 


Nazirin sözlərinə görə, Prezidentin 14 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənən "Azərbaycan Mədəniyyəti 2040" konsepsiyasında kitabxana sisteminin inkişafı əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.


 


Adil Kərimli qeyd edib ki, hazırda kitabxana sisteminin müasir tələblərə uyğunlaşdırılması, yeni idarəetmə modelinin qurulması və beynəlxalq standartların tətbiqi istiqamətində işlər aparılır.


 


Firuzə Əliyeva

Sfera.az