Azərbaycanda kitabxanaçılar üçün ayrıca peşə bayramı gününün təsis edilməsi təklif olunub.
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Prezident Kitabxanasının direktoru Afət Abbasova "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə bu təkliflə çıxış edib.
O bildirib ki, bir çox peşələrin öz bayram günü olduğu halda, kitabxanaçıların belə bir günü yoxdur.
Afət Abbasova qeyd edib ki, kitabxana işi ilə bağlı əlamətdar tarixlərdən biri kimi 1995-ci il iyunun 3-də ümummilli lider Heydər Əliyevin Milli Kitabxanaya səfəri xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, həmin səfər Azərbaycanda kitabxana işinin inkişafına dövlət dəstəyinin nümayişi kimi tarixə düşüb.
Prezident Kitabxanasının direktoru digər mühüm tarix kimi isə 1998-ci il dekabrın 29-da "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsini göstərib.
"İyun ayının 3-də Heydər Əliyevin Milli Kitabxanaya gəlişi və 29 dekabr 1998-ci ildə "Kitabxana işi haqqında" Qanunun qəbulu kitabxana sahəsi üçün mühüm hadisələrdir. Mən təklif edərdim ki, kitabxanaçıların peşə bayramı günü məhz bu tarixlərdən biri ilə bağlı müəyyənləşdirilsin", - Afət Abbasova bildirib.
Firuzə Əliyeva
Sfera.az