Bu gün Milli Məclisin komitə iclasında "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva kitabxanaların optimallaşdırılması prosesində əməkdaşların və binaların taleyi ilə maraqlanıb.
Sfera.az xəbər verir ki, deputat optimallaşdırma nəticəsində iş yerlərinin azalması ehtimalına diqqət çəkib.
"Bu zaman həmin insanlarla nə olacaq? Onlar digər sahələrə cəlb olunacaqlarmı? Bu məsələ necə tənzimlənəcək?" - deyə o bildirib.
Günay Əfəndiyeva həmçinin fəaliyyətini dayandıra biləcək kitabxana binalarının gələcək istifadəsinin necə olacağını soruşub.
Mədəniyyət naziri Adil Kərimli isə cavabında bildirib ki, ilk mərhələdə kitabxanalarda çalışan minə yaxın şəxsin attestasiyası keçiriləcək.
Nazirin sözlərinə görə, attestasiyanın nəticələrinə əsasən peşəkar və vəzifəsinə uyğun əməkdaşlar fəaliyyətlərini davam etdirəcək və yeni sistemdə işlə təmin olunacaqlar.
"Kimlər peşəkardır və bu sahədə fəaliyyəti davam etdirməyə uyğundursa, onlar fəaliyyətini davam etdirəcək. Uyğunsuz hesab edilən şəxslərlə bağlı isə qanunvericilikdə nəzərdə tutulan sosial təminat mexanizmləri tətbiq olunacaq", - deyə nazir vurğulayıb.
Adil Kərimli qeyd edib ki, yararlı kitabxana binaları müasir tələblərə uyğun təmir edilərək istifadəyə veriləcək.
"Digər uyğun olmayan binalar isə dövlət mülkiyyətidir. Onların gələcək taleyi qanunvericiliyə uyğun şəkildə dövlət qurumları ilə birlikdə müəyyən ediləcək. Ola bilsin ki, başqa fəaliyyət sahələri üçün istifadə olunsun", - deyə o əlavə edib.
Nazir həmçinin səyyar kitabxana xidmətlərinin tətbiqinin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, səyyar kitabxanalar üçün kadr təminatı, fondların formalaşdırılması və fəaliyyət qaydaları hazırlanır və bu xidmətlər beynəlxalq standartlara uyğun təşkil olunacaq.
Günay Əfəndiyeva çıxışı zamanı kitabxanaların yalnız kitab saxlanılan məkan deyil, həm də məktəb, muzey və mədəniyyət ocağı funksiyasını daşıyan strateji təsisat olduğunu da vurğulayıb.
Firuzə Əliyeva
Sfera.az