Avropa İttifaqının Kopernik (Copernicus) İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, qlobal miqyasda 2026-cı ilin may ayı meteorologiya müşahidələr tarixinə ən isti ikinci may ayı kimi düşüb.


 


Sfera.az xəbər verir ki, qitə miqyasında erkən başlayan güclü isti hava dalğası Avropada temperaturun çoxillik norma göstəricilərini kəskin şəkildə üstələməsinə səbəb olub. Mütəxəssislər Qərbi Avropadakı bu kəskin istiləri Şimali Afrikadan gələn isti hava kütlələrinin yaratdığı "isti günbəzi" (heat dome) effekti ilə əlaqələndiriblər. Məhz bu təbiət hadisəsi temperaturun adi səviyyələrdən qat-qat yuxarı qalxmasına yol açıb.


 


Kopernik Xidmətinin məlumatına görə, Avropanın geniş ərazilərində hiss edilən temperatur 35-40 dərəcəyə qədər yüksəlib. Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) iqlim strategiyası üzrə direktoru Samanta Berces məsələyə münasibət bildirərkən qeyd edib ki, baş verənlər iqlim dəyişikliyinin real fəsadlarını göz önünə qoyur:


 


"Bu cür erkən və intensiv isti hava dalğası iqlim ekstremumlarının artıq bir istisna deyil, gündəlik həyatımızın "yeni norması" halına gəldiyini sübut edir".


 


Ekspertlər temperaturun qısa müddətdə bu qədər kəskin yüksəlməsinin fəsadlarından narahatdırlar. Bildirilib ki, ani istiləşmə insanların, kənd təsərrüfatı bitkilərinin və ümumi ekosistemin yeni şəraitə adaptasiya ola bilməsini ciddi şəkildə çətinləşdirir. Rəsmi rəqəmlərə görə, may ayında dünya üzrə orta yerüstü hava temperaturu 15,81 dərəcə təşkil edib. Bu göstərici yalnız 2024-cü ilin may ayının rekordundan geri qalır. Eyni zamanda dəniz səthinin temperaturu da tarixin ən yüksək ikinci may ayı səviyyəsinə çatıb.


 


Bəsti Rəfizadə


Sfera.az