“Demokratik cəmiyyətin əsas sütunlarından biri insanlarda ədalət hissinin formalaşdırılmasıdır. Bu baxımdan uşaqlarda ədalət duyğusunun, məsuliyyət anlayışının və hüquqi davranış vərdişlərinin inkişaf etdirilməsi xüsusi önəm daşıyır”.


 


Sfera.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova komitə tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib.


 


Sədr bildirib ki, müasir dövrdə uşaqların inkişafının və təhlükəsizliyinin təmin olunması bir çox ölkələrin dövlət siyasətində prioritet istiqamətlərdən hesab edilir:


 


“Son illərin təcrübəsi göstərir ki, uşaqların təhlükəsizliyinin təmin edilməsi yalnız nəzarət və müdafiə tədbirləri ilə məhdudlaşmamalıdır. Bu istiqamətdə hüquqi maarifləndirmənin gücləndirilməsi, hüquq mədəniyyətinin formalaşdırılması və hüquqi biliklərin erkən yaşlardan aşılanması mühüm əhəmiyyət kəsb edir.


Dövlət tərəfindən uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi üçün görülən işlər, qəbul edilən qanunlar və həyata keçirilən dövlət proqramları bu sahədə vacib addımlar kimi qiymətləndirilə bilər. Aidiyyəti qurumların iştirakı ilə hazırlanan bu cür nəşrlər uşaqların hərtərəfli inkişafına dəstək olmaqla yanaşı, mövcud problemlərin həllinə də töhfə verir”.


 



 


Bahar Muradova qeyd edib ki, uşaqlar üçün hazırlanan hüquq kitabı Azərbaycanda böyüyən nəslin vətənpərvərlik, milli-mənəvi və ailə dəyərləri əsasında formalaşmasına, onların məsuliyyətli vətəndaş kimi yetişməsinə xidmət edir:


 


“Nəşrdə uşaqların inkişafı üçün vacib olan bilik və bacarıqlar, həmçinin hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması prosesində onların rolunun nəzərə alınmasının əhəmiyyəti ətraflı şəkildə əks olunub.


Kitabın əsas məqsədi hüquqi bilikləri uşaqlara sadə və anlaşıqlı formada çatdırmaq, onları gündəlik həyatla əlaqələndirməkdir. Burada hüquq yalnız nəzəri anlayış kimi deyil, uşaqların gündəlik davranışları, seçimləri və məsuliyyət hissi ilə bağlı praktik müstəvidə təqdim olunur.


Hesab edirəm ki, bu nəşrlərlə yaxından tanış olduqda onların yüksək peşəkarlıqla və keyfiyyətli şəkildə hazırlandığının şahidi olacaqsınız”.


 


Bahar Muradova əlavə edib ki, Dövlət Komitəsinin həyata keçirdiyi bu təşəbbüslər uşaqlarda hüquqi düşüncənin davamlı və sistemli şəkildə formalaşmasına mühüm töhfə verir.


 


Firuzə Əliyeva

Sfera.az