İsrail və İran atəşkəsindən sonra ABŞ ilə İran arasında münasibətlər yenidən kəskinləşib.
Regionda baş verən bu proses neftin qiymətinə də birbaşa təsir edib. “Brent” markalı neftin qiyməti 0.07% azalıb. Xam neftin qiyməti isə 0.14% azalaraq 89 dollara bərabər olub.
Yaxın Şərqdəki bu qeyri-müəyyənlik fonunda neftin 89 dollar ətrafında qərarlaşması yaxın aylarda Azərbaycanın xarici valyuta daxilolmalarına və rəsmi manatın sabitliyinə necə təsir edəcək?
Məsələ ilə bağlı iqtisadçı İlham Şaban Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, bazarın reaksiyası paradoksal görünür:
“Yaxın Şərqdə gərginlik artır, ABŞ və İran arasında qarşıdurma riski qalır, amma “Brent” 100 dolları keçmək əvəzinə 91-92 dollar ətrafına enir. Bunun əsas səbəbi odur ki, bazar artıq geosiyasi riskdən çox, həmin riskin real fiziki təchizata təsirini qiymətləndirir. Neft qiymətlərinin son həftə üzü aşağı getməsinə təsir edən amillər sırasında ABŞ rəsmilərinin Hörmüz boğazından keçən tanker axınının artması haqda açıqlamalarını göstərmək olar. Bazar üçün əsas məsələ İranın İsrailə atdığı raketlər deyil, gündəlik milyonlarla barel neftin hərəkətidir. Tankerlər hərəkət edirsə, demək qiymətlər üzərində təzyiq də azalır. Bundan əlavə, Çin başda olmaqla bir sıra ölkələrdə də neft istehlakı aşağı düşüb. Əgər istehlak zəifləyirsə, təklifdəki problemlər qiymətlərə əvvəlki qədər güclü təsir etmir”.
Ekspert OPEC+ üzrə atılan addımların da bazara öz təsirini göstərdiyini açıqlayıb:
“Artıq ikinci aydır ki, OPEC+ çərçivəsində gündəlik hasilatın 188 min barel səviyyəsində artımı barədə razılaşma əldə edilir. Bu isə qlobal bazara əlavə həcmdə neftin daxil olması deməkdir. Nəticədə qiymətlər hətta qısamüddətli hərbi toqquşmalar zamanı belə yuxarı deyil, azalmağa meylli olur. Azərbaycanın neft qiymətlərinin artımından qazancına gəldikdə isə, bunu yalnız hökumət açıqlaya bilər, kənar müşahidələrlə real artımın büdcədə proqnoz edilən səviyyəni nə qədər üstələməsini xətasız söyləmək mümkünsüzdür”.
Məsələ ilə bağl açıqlama verən iqtisadçı Asif İbrahimovun sözlərinə görə isə, neftin qiymətinin bu günlərdə 89-90 dollar ətrafında dəyişməsi Azərbaycan üçün qısamüddətli dövrdə müsbət amil hesab olunur:
“Çünki Azərbaycan kimi ölkələrdə dövlət büdcəsində neftin baza qiyməti müəyyən edilir və hökumətin fiskal siyasəti həmin göstərici üzərində qurulur. Faktiki olaraq bizdə bu göstərici təxminən 65 dollar səviyyəsində götürülüb və üç ssenari əsasında hesablanıb. Belə olduğu halda dövlət büdcəsinə daxilolmaların həcmi artır və bu da Azərbaycan üçün bir sıra əlavə imkanlar yaradır. Amma təbii ki, neft qiymətlərinin bahalaşması özü ilə inflyasiya da gətirir və ümumi inflyasiya fonunda müxtəlif məhsul və xidmətlərin qiymətlərinə təsir göstərir. İsrail-İran qarşıdurması və ABŞ-İran münasibətlərindəki gərginlik Yaxın Şərqdə geosiyasi risk mükafatını artırır. Bu da neft bazarında qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olur. Hazırda qiymətlərdə müəyyən enmə müşahidə olunsa da və neftin qiyməti 89 dollar ətrafında olsa da, bu göstərici neft ixrac edən ölkələr üçün hələ də kifayət qədər əlverişli səviyyədir”.
İqtisadçının sözlərinə görə, Azərbaycanın əsas problemi yüksək neft qiymətlərindən əldə olunan maliyyə gəlirlərinin qeyri-neft sektorunun inkişafına, əməyin məhsuldarlığının artırılmasına və insan kapitalının gücləndirilməsinə hansı səviyyədə yönəldilməsidir:
“Əsas sual budur ki, biz bu imkanlardan necə istifadə edə bilirik? Əgər neft gəlirləri struktur islahatlarına və iqtisadiyyatın diversifikasiyasına, yəni şaxələndirilməsinə xidmət etməsə, yüksək qiymətlər qısamüddətli rahatlıq yarada bilər, lakin dayanıqlı iqtisadi inkişafı təmin etməyəcək. Bizim üçün ən vacib məsələ dayanıqlı iqtisadi inkişafı təmin etmək, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafını sürətləndirməkdir. Bu isə ayrı-ayrı addımlarla deyil, sistemli struktur islahatları vasitəsilə həyata keçirilməlidir. Qısaca desək, neftin qiymətinin 89 dollar ətrafında qalması yaxın aylarda Azərbaycanın valyuta daxilolmalarına və manatın sabitliyinə müsbət təsir göstərəcək. Lakin manatın və ümumilikdə iqtisadiyyatın uzunmüddətli dayanıqlığı neftin qiymətindən daha çox iqtisadi idarəetmənin keyfiyyətindən və qeyri-neft sektorunun inkişaf sürətindən asılı olacaq. Artıq elə bir dövrə qədəm qoymuşuq ki, rəqəmsal transformasiya mərhələsində yaşayırıq. Bu transformasiyaya daha tez uyğunlaşan, həmin istiqamətdə uğurlu siyasət həyata keçirən və insan resurslarını keyfiyyətli insan kapitalına çevirə bilən dövlətlər yaxın 5-10 ildə daha üstün mövqeyə sahib olacaqlar. Digər dövlətlər isə həmin ölkələrin kölgəsində qalacaqlar”.
Bəsti Rəfizadə
Sfera.az