Uşağın inkişafında ən mühüm mərhələ həyatının ilk illəridir.


 


Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev erkən uşaqlıq dövrünün əhəmiyyətindən danışarkən bildirib.


 


Nazir deyib ki, elmi araşdırmalara əsasən insanın inkişafında ən vacib dövr həyatının ilk 1000 günü hesab olunur.


 


“İlk üç il uşağın gələcək həyatına ciddi təsir göstərir. Bu dövrdə onun beyni, öyrənmə xüsusiyyətləri və əsas koqnitiv bacarıqları formalaşır”, – deyə nazir qeyd edib.


 


Emin Əmrullayev vurğulayıb ki, ailə mühiti, qidalanma, valideyn qayğısı və erkən yaşlarda öyrənmə imkanları uşağın gələcək uğurlarına birbaşa təsir göstərir.


 


Onun sözlərinə görə, uşaqlara kiçik yaşlardan kitab oxunması və onlarla ünsiyyət qurulması inkişaf baxımından mühüm rol oynayır.


 


Nazir qeyd edib ki, müasir ailələrdə uşaqlarla oyun oynamaq üçün ayrılan vaxtın azalması onların inkişafına mənfi təsir göstərə bilər.


 


Nazirin sözlərinə görə, oyun uşaqların öyrənmə prosesinin əsas hissəsidir və xüsusilə erkən yaşlarda onların inkişafında mühüm rol oynayır.


 


“Uşaqlar oynaya-oynaya öyrənirlər. Oyun öyrənmənin köküdür. Təəssüf ki, bu gün bir çox valideynlərin uşaqlarla oynamağa kifayət qədər vaxtı olmur”, - o qeyd edib.


 


Emin Əmrullayev vurğulayıb ki, oyun zamanı uşaqlarda əməkdaşlıq, rəqabət, qələbə və məğlubiyyəti qəbul etmək, ünsiyyət qurmaq və düşünmək kimi bacarıqlar formalaşır.


 


Nazir hesab edir ki, valideynlərin uşaqlarla daha çox vaxt keçirməsi və onlarla interaktiv ünsiyyət qurması gələcək inkişaf üçün vacib şərtlərdən biridir.


 


Firuzə Əliyeva

Sfera.az