Müasir dövrdə uşaqların informasiya əldə etməsində sosial medianın rolu getdikcə artır və bu reallığı dəyişmək mümkün deyil.
Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və hüquq” kitabının təqdimatında deyib.
Nazir bildirib ki, yeni nəsil əvvəlki nəsillərlə müqayisədə qadcetlərdən və elektron resurslardan daha çox istifadə edir.
“İstəsək də, istəməsək də uşaqlar sosial mediada daha çox vaxt keçirməyə meyllidir. Hər hansı dərsliklə cəlbedici video-kontent arasında seçim edəndə uşaq daha çox videoya üstünlük verəcək. Bu, dəyişməyən reallıqdır”, – deyə nazir vurğulayıb.
Emin Əmrullayev qeyd edib ki, əsas məqsəd uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, elektron öyrənmə imkanlarını düzgün tənzimləmək və riskləri minimuma endirməkdir.
Onun sözlərinə görə, uşaqlar üçün keyfiyyətli və maarifləndirici rəqəmsal məzmunun hazırlanması xüsusi əhəmiyyət daşıyır.
Firuzə Əliyeva
Sfera.az