Son illər hüquq təhsili alan və hüquq-mühafizə orqanlarında çalışmaq istəyən qadınların sayında ciddi artım müşahidə olunur.
Sfera.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
Baş prokuror bildirib ki, prokurorluq orqanlarına qəbul üçün müraciət edənlər arasında xanım hüquqşünasların sayı getdikcə çoxalır.
Onun sözlərinə görə, bu tendensiya ali təhsil müəssisələrinin hüquq fakültələrində də özünü göstərir:
“Görürük ki, hüquq fakültələrində təhsil alan qadınların sayı daha çoxdur və bu göstərici ildən-ilə artır. Halbuki 20-30 il əvvəl vəziyyət tamamilə fərqli idi və bu sahəyə üz tutan qadınların sayı çox az idi”.
Kamran Əliyev qeyd edib ki, qadınların hüquq-mühafizə orqanlarında, məhkəmələrdə və digər hüquq sahələrində fəaliyyət göstərməsi müsbət tendensiyadır.
Baş prokuror hesab edir ki, qadınların uşaqlarla daha yaxın ünsiyyət qurmaq imkanları onların hüquqi maarifləndirilməsi prosesində mühüm rol oynayır:
“Qadınlar tərəfindən aparılan hüquqi maarifləndirmə işi uşaqlar üçün daha effektiv nəticələr verə bilər. Bu, bizi sevindirən və dəstəklədiyimiz bir prosesdir”.
Kamran Əliyev əlavə edib ki, hüquq sahəsində qadınların fəallığının artması cəmiyyətin hüquqi inkişafına da müsbət təsir göstərir.
Firuzə Əliyeva
Sfera.az