Bakı şəhəri, Nizami rayonu, Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin keçmiş direktoru Səfurə Rəhimova barəsində cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


 


Sfera.az xəbər verir ki, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Səfurə Rəhimova məktəb direktoru vəzifəsində işlədiyi dövrdə bir sıra işçilərin faktiki olaraq işə gəlməmələrinə baxmayaraq onların adına əməkhaqqı hesablanaraq ödənilməsinə şərait yaradıb, bununla bağlı rəsmi sənədlərdə həqiqətə uyğun olmayan məlumatların rəsmiləşdirilməsinə yol verib.

 


İttihama görə, məktəbin ibtidai sinif müəllimlərindən biri 2022-2024-cü illər ərzində dərs keçmədiyi halda onun adına əməkhaqqı hesablanıb və ümumilikdə 8 981 manat 86 qəpik məbləğində vəsait ödənilib. İstintaq materiallarında göstərilib ki, həmin vəsaitin bir hissəsi sonradan məktəb rəhbərliyinə çatdırılıb.




Bundan başqa, məktəbin xadiməsi vəzifəsində çalışan şəxsin də uzun müddət işə gəlmədiyi halda tabel cədvəllərində işdə olması göstərilib və nəticədə ona 5 489 manat 17 qəpik məbləğində əsassız əməkhaqqı ödənilib.


 


Cinayət işində məktəbin texnologiya müəllimi ilə bağlı epizod da yer alıb. Belə ki, müəllimə rəsmiləşdirilmiş dərnək məşğələlərinin faktiki keçirilməməsinə baxmayaraq, həmin saatlara görə 925 manat 43 qəpik əməkhaqqı hesablandığı müəyyən olunub.


 


Səfurə Rəhimova məhkəmədə özünü təqsirli bilməyib. O bildirib ki, əməkdaşların işə davamiyyəti və dərslərin keçirilməsi ilə bağlı məlumatları direktor müavinlərindən alıb, təqdim olunan sənədləri onların verdiyi məlumatlar əsasında imzalayıb.

 


Keçmiş direktor həmçinin heç bir müəllimdən və ya işçidən pul almadığını, ittihamda göstərilən əməlləri törətmədiyini deyib. Lakin məhkəmə şahid ifadələrini, maliyyə yoxlamalarının nəticələrini, bank əməliyyatlarını və iş üzrə digər sübutları araşdırdıqdan sonra ittihamın təsdiq olunduğu qənaətinə gəlib.




Hökmə əsasən, Səfurə Rəhimova Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri (mənimsəmə və ya israf etmə) və 313-cü maddəsi (vəzifə saxtakarlığı) ilə təqsirli bilinib.


 


Məhkəmə ona 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 min manat məbləğində cərimə cəzası təyin edib. (Qaynarinfo.az)