"Uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi vacibdir”.
Sfera.az report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, hazırda uşaqlar təhsil prosesində sosial mediadan və müxtəlif rəqəmsal vasitələrdən daha çox istifadə edirlər: "Uşaqları elektron formatlardan uzaq tutsaq, cəmiyyət olaraq inkişaf edə bilməyəcəyik. Uşaqları məcburi şəkildə ənənəvi üsula qaytara bilmərik. Məsələn, uşağın diqqətini ənənəvi dərslikdən daha çox maraqlı və cəlbedici video məzmunun cəlb etməsi təbii haldır. Bu da uşaqların informasiya qəbul etmə üsullarının dəyişdiyini göstərir. Bu gün uşaqların 50 %-i sosial media ilə informasiya əldə edir. Onları sosial media platformaları, eləcə də elektron formatlardan uzaq tutmaq əvəzinə, bunu tənzimləməyi bacarmaq lazımdır. Dövlət bu sahəni tənzimləməyə çalışır və çalışmalıdır da. Çünki burada əsas məsələ düzgün və effektiv tənzimləmənin təmin edilməsidir”.
Nazir bildirib ki, Azərbaycanda valideynlərin böyük qismi uşaqlarla evdə vaxt keçirə bilmir: "Bu da uşaqların inkişafına qaçılmaz şəkildə təsir edir. Çünki orta statistik məlumatlar da evdə valideynin müxtəlif oyunlar oynadığı, yatanda nağıl oxuduğu uşaqların məktəbdə oxuma və anlama, riyazi biliklərinin yüksək olduğunu göstərir. Ona görə də əsas məqsəd bu reallığı inkar etmək deyil, onu düzgün qiymətləndirmək və idarə etmək olmalıdır. Növbəti illərdə və onilliklərdə uşaqların rəqəmsal və elektron öyrənmə imkanları əvvəlki nəsillərlə müqayisədə daha da genişlənəcək. Bu tendensiyanı nəzərə almadan və ona uyğun siyasətlər formalaşdırmadan uğurlu nəticələr əldə etmək mümkün olmayacaq”.
E.Əmrullayev həmçinin qeyd edib ki, bir çox hallarda uşaqlar süni intellektə hansısa məsələnin izah yolu ilə bağlı deyil, məsələnin birbaşa cavabı üçün müraciət edir
Onun sözlərinə görə, süni intellektdən yanlış istifadə uşaqların kütləşməsi və tənbəlləşməsinə səbəb olur: "Çünki uşaqlar süni intellektdən məsələnin həllini yox, cavabını bilmək istəyirlər. Məsələn, hansısa riyazi məsələ ilə bağlı süni intellektə "bu məsələni mənə izah et” kimi yox "bunun cavabını mənə de” formasında müraciət edirlər. Bu, gələcək üçün çox təhlükəlidir. Uşaqların gələcəyi, beyin inkişafı üçün riskdir”.