“OpenAI” tərəfindən hazırlanan süni intellekt əsaslı “ChatGPT” tətbiqi aylıq aktiv istifadəçi sayında tarixi göstəriciyə imza atıb.
Sfera.az xəbər verir ki, platforma may ayı etibarilə aylıq 1 milyard aktiv istifadəçi həddini aşaraq bu göstəriciyə ən qısa müddətdə çatan tətbiqlərdən biri olub.
Bazar araşdırma şirkəti Sensor Tower-in məlumatına görə, “ChatGPT” istifadəyə verildikdən təxminən üç il sonra 1 milyard aylıq aktiv istifadəçi səviyyəsinə yüksəlib. Bununla da platforma “Google Maps”, “TikTok”, “İnstagram” və “YouTube” kimi nəhəng rəqiblərinin bu göstəriciyə çatmaq üçün sərf etdiyi müddəti geridə qoyub.
Süni intellekt bazarında rəqabət isə getdikcə daha da güclənir. Xüsusilə “OpenAI” ilə rəqibi “Anthropic”arasında yaşanan yarış diqqət çəkir.
Məlumatlara əsasən, 2026-cı ilin ilk rübündə ABŞ-də həm “ChatGPT”, həm də “Claude” tətbiqindən istifadə edən şəxslərin “Claude”platformasında keçirdikləri aylıq vaxt müəyyən dəyişikliklər göstərib.
Hazırda dünya üzrə 56 milyon aktiv istifadəçiyə malik olan “Claude” tətbiqi son bir ildə 640 faiz böyümə nümayiş etdirib. Müqayisə üçün qeyd edək ki, eyni dövrdə “ChatGPT”-nin illik artım tempi 62 faiz olub.
Bundan əlavə, “Anthropic” şirkətinin birja çıxışı üçün məxfi müraciət etdiyi bildirilir. Məlumatlara görə, “OpenAI” də yaxın həftələrdə “IPO” ilə bağlı rəsmi addımlar atmağa hazırlaşır.
Mənsumə
Sfera.az