Son illərdə “nəfəs məşqləri” anlayışı insanların gündəlik həyatında daha geniş yer tutmağa başlayıb. Mütəxəssislər bildirirlər ki, müxtəlif nəfəs texnikaları stressin azaldılmasına, diqqətin artırılmasına və ümumi sağlamlığın yaxşılaşdırılmasına kömək edə bilər.
Sfera.az xəbər verir ki, Qədim Hindistanın pranayama və Çinin çiqonq ənənələrinə əsaslanan bu üsullar müasir dövrdə yenidən populyarlıq qazanır.
Stanford Universitetinin mütəxəssisi Devid Şpigelin sözlərinə görə, xüsusilə uzun və yavaş nəfəsvermə ürək-damar və sinir sisteminə sakitləşdirici təsir göstərir. Araşdırmalar göstərir ki, müntəzəm nəfəs məşqləri stress hormonlarının səviyyəsini azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır və bəzi xroniki xəstəliklərin simptomlarını yüngülləşdirə bilər.
Mütəxəssislər qeyd edirlər ki, gündə cəmi bir neçə dəqiqə şüurlu nəfəs məşqləri etmək stressin idarə olunmasına və sinir sisteminin balanslaşdırılmasına kömək edir. Bununla belə hamilə qadınlara və tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən şəxslərə bu məşqlərə başlamazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Qeyd edək ki, stressi azaltmağa kömək edən nəfəs texnikaları arasında dövri ah (Cyclic Sigh), qutu nəfəsi (Box Breathing) və uyğun nəfəs (Coherent Breathing) üsulları xüsusi yer tutur. Bu texnikalar nəfəsin ritmik və şüurlu şəkildə idarə olunmasına əsaslanır. Mütəxəssislərin fikrincə, onların müntəzəm tətbiqi stress və narahatlığın azalmasına, diqqətin və emosional sabitliyin artmasına kömək edir. Eyni zamanda, bu üsullar ürək ritmini tənzimləyərək sinir sisteminin daha balanslı fəaliyyət göstərməsinə dəstək verir. Gündə cəmi bir neçə dəqiqə bu məşqlərə vaxt ayırmaq daha sakit və rahat hiss etməyə kömək edə bilər.
Mənsumə
Sfera.az