ABŞ ilə İran arasında gərginliyin yenidən artdığı bir vaxtda tərəflərin qarşılıqlı addımları beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Son günlər ABŞ-nin İrana qarşı həyata keçirdiyi məhdud və fasilələrlə davam edən zərbələri regionda hərbi eskalasiyanın yeni mərhələyə keçə biləcəyi ilə bağlı suallar yaratsa da, proses hələlik genişmiqyaslı müharibəyə çevrilmir. Müşahidəçilər hesab edirlər ki, həm Vaşinqton, həm də Tehran bir-birinə təzyiq göstərməyə çalışsa da, mövcud mərhələdə açıq və uzunmüddətli qarşıdurmadan yayınmağa üstünlük verir. Bununla belə, tərəflərin strateji maraqları, daxili siyasi amillər və danışıqlar prosesinin taleyi vəziyyətin gələcək inkişafında həlledici rol oynaya bilər. Mövcud vəziyyətin hansı tərəfin maraqlarına daha çox cavab verməsi və prosesin hansı halda yeni mərhələyə keçə biləcəyi isə əsas müzakirə mövzularından biridir.


 


Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a bildirib ki,  tərəflər növbəti eskalasiyadan yayınmaq istəyirlər. 


 



 


Onun sözlərinə görə, hər iki tərəf daha çox güzəşt əldə etməyə çalışır:


 


“Ona görə də bir-birinə qarşı maksimalist tələblər irəli sürür. Çünki danışıqların nəticələri elə olmalıdır ki, həm ABŞ, həm də İran bunu daxili auditoriyaya qələbə kimi təqdim edə bilsin. Bu isə vəziyyətin mürəkkəb xarakter almasına gətirib çıxarır.


Vəziyyətin bu cür davam etməsi isə ilk növbədə ABŞ hökumətinin marqlarına cavab vermir. Çünki noyabrda konqresə seçkilər keçiriləcək. İranla müharibə isə hökumətin reytinqinə mənfi təsir etdiyinə görə, təcili və uğurlu görünə biləcək addımlar atılmalıdır. Bunun üçün isə İran güzəştlərə getməlidir.

İran isə hesab edir ki, ABŞ güclü hücumlar həyata keçirsə də, hərb meydanında hədəflərinə nail ola bilməyib. Belə olduğu halda isə Tehran diplomatik masada ABŞ-nin şərtlərini qəbul etməsini məğlubiyyət hesab edir, ona görə də güzəştə getməyəcəyini və korrektələrin vacib olduğunu bildirir”.


 


Siyasi şərhçi qeyd edib ki, ABŞ maliyyə nazirinin tövsiyəsi əsasında Hörmüzün blokadaya alınması isə gözlənilən effekti vermədi:


 


“Çünki gözlənildiyi kimi qısa zaman kəsiyində İranda neft böhranı yaranmadı. Digər tərəfdən blokada qlobal neft qiymətlərinə təsir göstərir və bu da ABŞ-də yanacağın qiymətinin artmasına və inflyasiya səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu baxımdan blokdanın uzun müddət davam etməsi ABŞ-nin maraqlarına uyğun deyil. ABŞ-nin vəziyyətdən mümkün qədər tez çıxış yolu tapması lazımdır. ABŞ İrana zərbələr endirməklə təzyiqləri gücləndirməyə və İranın müqavimətini qırmağa çalışır. İran isə cavab zərbələri endirməklə prinsipial mövqeyindən geri çəkilməyəcəyinin mesajını verir. Ona görə də hesab edirəm ki, qısamüddətli qarşılıqlı hücumlar danışıqlar prosesinin bir hissəsidir, buna görə də hələ ki, geniş müharibəyə çevrilmir”.


 


Firuzə Əliyeva

Sfera.az